Keçmiş məcburi köçkünlər nələrdən məhrum ediləcək?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 19:52 24.01.2024

Keçmiş məcburi köçkünlər hansı halda bu statusu qazanmış olur, yəni məcburi köçkün adını tamamilə itirir və özləri üçün ayrılmış müavinət, eləcə də digər sosial qayğılardan məhrum edilir? 

 

Keçmiş məcburi köçkünlər doğma yerlərinə qayıtdıqdan sonrakı 3 il ərzində vahid aylıq müavinəti almağa davam edəcəklər. Aylıq müavinətlə yanaşı digər sosial müdafiə tədbirləri də bu müddətdə onlar üçün qüvvədə qalacaq.

 

QMKİDK-nın mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, 3 il müddəti tamam olduqdan sonra isə artıq müavinət kəsiləcək.

 

"Onlar əvvəlki yaşayış yerlərinə qayıtdıqdan, qayıtmaqlarına şərait yarandığı gündən artıq 3 il müddətindən sonra onlar üçün nəzərdə tutulan sosial müdafiə tədbirləri artıq dayandırılır".

 

İbrahim Mirzəyev əlavə edib ki, bu qaydalar əvvəlki yaşayış yeri hazır olduğu halda qayıtmaq istəməyən şəxsə də şamil edilir.

 

"Xüsusi ilə,qeyd etmək istəyirəm ki, biz bunu öz evinə köçməyə şərait yaranan məcburi köçkünlərlə bağlı danışırıq. Hələ kəndləri şəhərləri tikilməmiş məcburi köçkünlər dövlət tərəfindən bu müavinəti alacaqlar eyni zaman da həmin sosial müdafiə tədbirlərindən layiqli istifadə edə biləcəklər".

 

Bərpa olunmuş evinə qayıtmaq təklif edildiyi halda bundan imtina edənlər də artıq keçmiş məcburi köçkün hesab edilir və bu şəxslər 3 il ərzində dövlətin ayırdığı bütün sosial qayğılardan yararlanmağa davam etsələr də müvəqqəti yaşayış yerindən məhrum ediləcəklər. Başqa sözlə, digər şəhər, rayon və kəndlərdən gəlib Bakıda işləyən, yaxud oxuyan şəxs yaşayış yerini necə təmin edirsə, həmin vətəndaşa da eyni şəkildə yanaşılacaq.