Məktəblilərin sağlam psixologiyaları üçün hansı addımlar atılmalıdır?

Bölmə: Sosial › ,
Tarix: 20:51 24.01.2024

Son vaxtlar məktəblərdə xoşagəlməz halların, məktəblilərin qətl törətmə, intiharı halları daha da artıb.

Bəs, bu halların artmaması üçün şagirdlərin psixoloji inkişafı baxımından  hansı tədbirlər görülə bilər?  Məktəblərdə psixologiya ilə bağlı fənn tədris edilməli və ya məktəb psixoloqları ilə görüş üçün əlavə saatlar, dərslər ayrılmalıdır mı?

 

Saytımıza açıqlama edən psixoloq Vüsalə Əmiraslanovanım fikrinə görə,  məktəblərdə baş verən xoşagəlməz hadisələrin səbəbi uşaqların yaş dövrlərini, müəllimlərin və məktəb psixoloqlarının uşaqların hərəkətlərinə o qədər ciddi önəm verməmələridir.

 


" Çünki bəzən sinifdə xoşagəlməz hallar olur və müəllimlər,  məktəb psixoloqu "bizim zamanımızda da olurdu, keçər, düzələr"  kimi fikirləşirlər. Amma indi dövr, uşaqların düşüncəsi dəyişib, sosial şəbəkələrdə hər şey açıq- aşkar göstərilir. Ayrıca fənnə ehtiyac olmasa da, məktəb psixoloqunun həftədə 1-2 dəfə uşaqlarla görüşü üçün şərait yaradılmalı, ayrıca otaq təşkil olunmalı, mütəmadi olaraq onların siyahısı tutulmalıdır. Düzdür, bu proses könüllüdür, ancaq məcburi olaraq uşaqlar psixoloqla görüşməli, onların ümumi xarakteristikası çıxarılmalıdır. Sonra isə onlar arasındakı konfliktlə bağlı sinifdə tez-tez sorğu keçirilsin, məlumatlar verilsin.  Filmlərin izlənməsi, kitabların oxunması müsbət təsir göstərir".

 

Psixoloq sonda vurğulayır ki, şagirdlərin az olduğu məktəblərdə məktəb psixoloqu daha geniş fəaliyyət göstərir.

 

"Vakansiya problemi də var, düşünürəm ki, hər məktəbdə ən azı 5 psixoloq fəaliyyət göstərməlidir".

 

Sözügedən məsələ ilə bağlı təhsil eksperti Elmin Nurizadə saytımıza açıqlaması zamanı qeyd edir ki,  bu gün orta məktəblərdə psixologiya ilə bağlı fənnin keçirilməsi qeyri-mümkündür, çünki orta məktəbin tədris proqramının tələbləri var və bu tələblər əsasında psixologiya fənninin keçirilməsi inandırıcı görünmür.

 

"Düzdür, "həyat bilgisi" fənnində  müəyyən psixoloji yanaşmalara aid hissələr var. Ümumiyyətlə, düşünürəm ki, həm Azərbaycan, həm də dünyanın digər ölkələrinin orta təhsil müəssisələrində psixologiya kimi ayrıca fənn tədris olunmayıb. Bunu şagirdlərlə psixoloji iş,  şagirdlərlə qrup işləri, psixoloq kadrların məktəblərlə ortaq layihələri əvəz edib. Bu kimi detallar psixologiya fənnini daha yaxşı əvəz edib, səmərəlisi, faydalısı da budur. İstəyərdim ki, Azərbaycan məktəblərində də bu tətbiq olunsun. Biz məktəbdə psixologiyanı təkcə psixoloqlarla məhdudlaşdırmayaq, bu gün psixologiya mərkəzləri, psixologiya sahələri məktəblərlə əməkdaşlığı gücləndirməlidirlər. Bu o demək deyil ki, bizim uşaqların psixoloqa ciddi ehtiyacı var və ümumiyyətlə psixoloqa ehtiyacın olması ayıb deyil, psixologiya bir müddət yaxşı, bir müddət isə depressiv ola bilər. Psixologiya ətrafımızdakı hər kəsə hər an lazımdır, şagirdlərə isə bizə lazım olduğundan daha çox lazımdır. Bu gün biz məktəblilərimizi bir psixoloji vahid, fərd olduğunu unuturuq. Onlar təkcə bioloji fərd deyillər, onların təkcə zehni inkişafına, təlim-tərbiyəsinə yönəlmək lazım deyil, onların ruhunu da öyrənmək lazımdır, çünki insanın həm fizioloji, həm də zehni  durumu onun ruh ovqatından asılıdır".

 

Ekspertin sözlərinə görə,  bu istiqamətdə layihələr  olmalıdır, hər bir müəllim özünü həm də bir psixoloq kimi hiss etməlidir.

 

" Müəllim özünün psixoloji bacarıqlarını inkişaf etdirməlidir ki, onu sinifdə də tətbiq edə bilsin. Bunlar olması məktəbdə psixologiya adlı fənnin keçirilməsini əvəz edəcək. Azərbaycan məktəblərində məktəb psixoloqu çox formaldır, ümumiyyətlə, biz məktəb psixoloqu ilə danışa bilmərik, düzdür, istisnalar var, məsələn, tanıdığım məktəb psixoloqları var ki, onlar az maaş müqabilində belə uşaqlar üçün əllərindən gələni edirlər. Amma onların vəzifələrində, onlara baxışda müəyyən qədər stimullaşdırılma olmalıdır.  Qanunvericiliyə görə, bir məktəb daxilində 500 uşağa bir psixoloq düşür.  Məsələn, bir rayon məktəbində 300 şagird təhsil alırsa, oraya 1, şəhər məktəbində 1500 şagird təhsil alırsa, oraya 3 məktəb psixoloqu düşür. Bu rəqəm düzgün deyil,   250 şagirdlə bir psixoloq işləməlidir".

 

Müsahib düşünür ki, psixoloqların sayı artırılmalı, onların ayrıca kabineti olmalıdır.

 

"Bu gün məktəb psixoloqunun fənn kabineti yoxdur, yəni  o, psixoloji cəhətdən problem yaşayan uşağı harada qəbul edəcək? Və ya uşaqların şəxsi işlərini harada hazırlayacaq?. Düşünürəm ki, məktəb psixoloqları ilə bağlı stimullaşdırıcı tədbirlərin atılmasının artıq zamanıdır".

 

Elmin Nurizadə deyir ki, məktəb psixoloqu çox önəmli amildir.

 

"Biz onun tədris prosesinə cəlbini artırmalıyıq".

 

Nəzrin Mirzəyeva