Bakıda məktəbdə qalmaqal-Təhsil Agentliyindən AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 16:59 25.01.2024

Bir neçə gündür ki, cəmiyyətdə geniş müzakirə edilən 6 nömrəli məktəb- liseydə baş verən hadisə ilə bağlı həm həmin məktəbdən həm də Məktəbəqədər və Ümumi Təhsil üzrə Təhsil Agentliyindən açıqlama verilib. 

 

2-ci sinif şagirdinin 7-ci sinif şagirdləri tərəfindən cinsi istismara məruz qalması ilə bağlı yayılan xəbərlərə 6 nömrəli məktəb-liseyin direktoru aydınlıq gətirib. Bildirib ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Təhsil Agentliyinə məlumat verilib, qurum rəsmiləri məktəbə gələrək vəziyyətlə tanış olublar. Araşdırma zamanı sadəcə 7-ci sinif şagirdlərinin telefonlarında onların yaş həddinə uyğun olmayan qeyri-etik videolar aşkarlandığı deyilir.

 

6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova bildirib ki, şikayətçi valideynlərə məktəb kameralarının izlənməsinə şərait yaradıb.

 

"Dekabrın dördünə qədər olan görüntüləri özləri izlədilər və heç bir yəni, sübuta yetəcək bir dəlil tapmadılar. Yeddinci sinif şagirdlərinin telefonlarında onların yaş həddinə uyğun olmayan müəyyən internetdən köçürülmüş müəyyən videolar və qeyri-etik dialoqlar olub. Əlavə məşğələ zamanı 7-ci və 2-ci sinifin birlikdə qaldığı zaman yəqin ki, onları bölüşüblər. Psixoloqlar da cəlb olundu və ittiham ediləcək bir məqam olmadı".

 

Məktəb-liseydə pedaqoji şuranın iclası keçirilib. Hadisədə adı hallanan 7-ci sinif şagirdlərindən biri məktəbdən uzaqlaşdırılıb.

 

Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva bildirib ki, təəssüflər olsun ki, bu hadisə məktəbin psixoloji emosional mühitinə çox mənfi təsir göstərib və bununla bağlı dərsdən kənar məşğələlərin təşkilində nəzarətin zəifliyinə görə məktəb rəhbərliyinə xəbərdarlıq edilib, eyni zamanda pedaqoji heyətin bir hissəsi intizam tənbehinə cəlb olunub.

 

"Şagirdlərin psixoloji durumunu, eyni zamanda onun təhlükəsizliyini nəzərə alaraq 7-ci sinif şagirdinin məktəbdən kənarlaşdırılması və digər məktəbə yerdəyişmə edilməsi qərarı verilib, bununla yanaşı 2-ci sinif şagirdinə də müəyyən bu istiqamətdə təkliflər edilib".

 

Hazırda 2-ci sinif şagirdi 6 nömrəli məktəb-liseydə təhsilini davam etdirir. Hadisədən sonra təhsil müəssisəsinin mühafizə sistemi gücləndirilib, müəllim və psixoloq heyətinin nəzarəti artırılıb. Elm və Təhsil Nazirliyinə bu təhsil müəssisəsinə "Məktəblinin dostu"nun cəlb edilməsi ilə bağlı müraciət olunub.