Ərşdən gələn söz... -Şəms Hüseynli yazır

Bölmə: Sosial › ,
Tarix: 17:17 26.01.2024

Söz ərşdən gəlir. Bunu anlayanlar üçün sözün dəyər və qiyməti, ölçüsüzlüyü görünür. Söz səhifələrə ilmə-ilmə toxunur: cümlələr yaranır; cümlələrdən hekayələr, romanlar hasil olur. Müqəddəs kitablar da sözün qüdrətilə yaranır. Tanrı sözlə bərabər, onu qoruyanları da yer üzünə göndərir. Həm də bu bir alın yazısına çevrilir. 

 

Ustad müəllimimiz Cahangir Məmmədli bu ali missiyanı layiqincə yerinə yetirmək üçün qarlı-boranlı, lal-dinməz qış gecəsində doğuldu. Belə bir bənzətmə edərdim: makedoniyalı İskəndər dünyanı qılıncıyla fəth edərkən "beşikdən yəhərə atıldı"ğı kimi, müəllimim də fikri, düşüncəsi ilə söz meydanına atıldı. İsgəndər qılıncı ilə, müəllimim qələmi ilə mübarizə apardı. 

 

Sonradan sözə məhəbbətlə yanaşmağı, ona ürəksiz toxunmamağı bizə də öyrətdi. Anladıq ki, qələmi əlinə könülsüz almağın özü günahdır. Gərək sözün qayğısını, nəvazişini çəkəsən. Əks halda söz qələm adamından küsər. Müəllimim sözə ehya verməyi, onu diri, canlı saxlamağı qələm adamının ən ümdə vəzifəsi olduğunu hər dəfə bizə öyrədir. Özü də canyanğısı ilə, böyük məhəbbətlə... Ümumiyyətlə, müəllimimlə hər görüşü bitməyən, tamamlanmayan dərsə, elm tamaşasına bənzədirəm. Yeri gəlmişkən, tələbə Əsgər İsmayılovun "Açılmamış dəfinənin xəzinəsi" başlıqlı yazısından çıxarışa nəzər salaq: "Müəllim cəmiyyəti sonsuz səmalara qaldıran qoşa qanaddır. Bəndəni Allaha yaxınlaşdırmaq, pis işlərdən uzaqlaşdırmaq isə müəllimin həyat amalıdır. Platon demişkən: "Müəllimlik hər şeydən əvvəl Tanrı sənətidir". Demək ki, müəllim Allahın adamıdır. Tanrı bəndəsini düz yola çəkdiyi, səhvlərini bağışladığı kimi, müəllim də Yaradandan fərqli olaraq görünməz deyil, insanlar içərisində bu şərəfli missiyanı yerinə yetirir. Cəmiyyətin pərsəng daşı olan müəllim məktəbdə 45, universitetdə 90 dəqiqəsini deyil – bütün ömrünü, həyatını, canının şirəsini, gözünün nurunu, qəlbinin odunu və ələlxüsus da bütün bilik və elmini (bundan qiymətli nəysə ola bilərmi?!) şagirdlərinə, tələbələrinə ötürür". 

 

Bəli, bundan qiymətli heçnə ola bilməz. Və müəllimimin tələbəsi olduğum üçün, özümü çox xoşbəxt sayıram. Bəlkə də ən çox inamını qazanmış tələbələrindənəm. İnam. Bu məfhum o qədər güclüdür ki, yoxdan bir əsəri var etməsi üçün insana qələmdən sonra ehtiyac duyulan ən vacib vasitədir. Bu vasitə qələm və söz, qəlb və fikir, həmçinin iki insan arasında mütləq vacibliyə sahibdir, yoxdursa, heç vaxt intəhasız sevgi yarana bilməz. Ustad bu gün tələbəsinə inanır. Hələ qələmin mürəkkəbini ilk axıtdığı dönəmlərdən inanıb sevdi, bağrına basdı. Fakültəyə addım atdığım ilk gündən onun qayğısını, nəvazişini, sevgisini hiss etmişdim, bu mənə həm bu yolda işıq idi, həm də güc-qüvvət. 

 

O, tələbənin dostu, elə bu gün çox saylı uğurlara imza atmış jurnalistlərin müəllimidir. Onun qələmi və yaradıcılığı bizlərə doğru yol göstəricisidir. Mətbuat sahəsində yaradıcılığı gələcək nəsillərə xəzinə, peşəmizin sabahına işıq tutacaq mayakdır.

 

Şəms Hüseynli,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi