Ehtiyat hissələri bahalaşır, sığorta isə dəyişməz olaraq qalır
Bölmə: Sosial › ,Tarix: 16:44 29.01.2024
Son illər ölkədə yeni avtomobillərə üstünlük verilir. Ehtiyat hissələrinin bahalaşması səbəbindən də qəza zamanı sürücülər avtomobilə dəymiş zərərin məbləğinin daha çox olduğunu bildirir. Hadisə baş verdikdə sığorta şirkətinin zərər çəkənlərə ödəyəcəyi məbləğ isə dəyişməz olaraq qalır.
Bu vəziyyətin sürücüləri qane etmədiyini və qəza halında şəxsi büdcələrindən əlavə vəsait ödəməli olduqlarını ekspertlər də təsdiqləyir.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, icbari sığorta bürosu açıqlama verir ki, artıq mükəmməl bir sistem qurulub, köhnə ehtiyat hissələrini də dəymiş zərər kimi hesablayacaqlar.
"Məsəlçün sizə zərər dəyib, sizə həmin detalın yenisini yox, köhnəsini hesablayacaqlar, ödənişi ona uyğun verəcəklər, yəni özlərinə sərf edən nə varsa hamısını edirlər, sürücüləri düşünmək gələndə də problemlər çıxır ortaya, bu istiqamətdə addım atmırlar, sürücüləri süründürürlər, qiyməti aşağı hesablayırlar".
Qəzaya uğramış nəqliyyat vasitəsinin üz tutduğu yer təbii ki, avtoservislərdir. Burada isə ehtiyat hissələrin və təmir xidmətinin qiyməti xeyli artıb deyirlər.
Satıcı Ruslan İbrahimov qeyd edib ki, köhnə modellərdə ehtiyat hissələrinin qiyməti olduğu kimi qalır, yeni modellərdə isə il ötdükcə qiymətlər yüksəlir.
"Xidmət səviyyəsi də yenə də köhnə modellərdə eynidi lakin yeni model avtomobillərdə sistem biraz qəliz olduğu üçün təmir, qiymət biraz yüksəkdir. Sürücülərin, bizim müştərilərin şikayətləri ondan ibarətdir ki, yeni avtomobillərin ehtiyat hissələri baha olduğundan sığorta şirkəti bu məbləği qarşılaya bilmir".
Sığortaçılar assosiasiyası isə dəymiş zərəri tam məbləğdə ala bilmək üçün icbari sığortadan başqa məsuliyyət məhsulunu da sifariş etməyi məsləhət görürlər.
ASA-nın ekspertlər qrupunun üzvü Emil Ağabağırov bildirib ki, vətəndaşlar daha artıq təminat əldə edə bilərlər. Bunun üçün könüllü sığorta növləri var.
"Vətəndaş əlavə olaraq 20 manatdan başlayaraq qiymətlər ödəməklə daha 5 min, 10 min və daha yuxarı təminat əldə edə bilərlər. Tutaq ki, hər hansı bir hadisə nəticəsində qarşı tərəfin əmlakına 10 min ziyan dəydisə, 5 min manat icbari sığorta növü üzrə ödənilir, digər 5 min manat isə könüllü sığorta növü üzrə həyata keçirilir".
Qeyd edək ki, bu sığorta növündə ödəniş verildikdə məbləğ azalmır. Yəni, sığorta müddəti ərzində məbləğlər bir neçə dəfə təkrar ödənilə bilər.