Qeyri-dərs günlərində ev tapşırığının verilməsi doğrudur?-Ekspertdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:04 29.01.2024
Məktəblilərin qış tətili başlayıb. Beşgünlük qış tətilində, ümumiyyətlə qeyri-dərs günlərində uşaqlara dincəlməyə imkan verilirmi?
Ekspertlər nəinki tətil zamanı, hətta adi dərs günlərində belə ev tapşırığının verilməsini doğru hesab etmirlər.
Təhsil Eksperti Elçin Əfəndi düşünür ki, biz başqa ölkələr kimi artıq heç olmasa, tətil dövründə də olsa ev tapşırıqlarını verməyək.
"Necə ki qonşu və qardaş ölkə Türkiyədə belə bir qərar qəbul olundu, tətil dövründə şagirdlərə ev tapşırığı verilməsi qadağan olundu. Ama biz başqa avropa ölkələrinə baxsaq və daha çox model olaraq dediyimiz Finland və yaxud da Belçika təhsilinə baxsaq, onlarda ev tapşırığı verilmir xüsusilə tətil günlərində heç ev tapşırığı olmur"
Müəllimlər, daha dəqiqi mövcud təhsil sistemi ev tapşırıqları ilə yükləməni əsasən onunla əlaqələndirir ki, şagird məktəbdən kənar qaldıqda təkrar adaptasiyası çətin olur. Sahənin mütəxəssisləri isə bu fikirlə razı deyillər.
Elçin Əfəndi bildirir ki, bu doğru yanaşma deyil.
"Onsuz da uşaqlar tətil dövründə ya istirahətə yollanırlar ya hansısa bir əraziyə, babalarının yanına, nənələrin yanına, biz dəfələrlə rastlaşırıq ki, kiminsə babası müəllimdir, və yaxud da nənəsi, ailə üzvlərindən biri, zatən o uşaqlar tətil dövründə uşaqlar sorğu suala tutulurlar. Uşaqlar onsuz da təhsilə bağlı qalırlar".
Qeyd edək ki, 5 günlük qış tətili 27-31 yanvar tarixlərini əhatə edir. 1 fevral ikinci yarımilin ilk dərs günüdür.