Su qızdırıcıları dəm qazından zəhərlənməyə səbəb olur?

Bölmə: Sosial › ,
Tarix: 21:37 29.01.2024

Təkcə son iki gündə ölkə ərazisində 7 nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib. Çox təəssüf ki, hər il belə xəbərlər eşidirik və hər il də mütəxəssislər vətəndaşları ehtiyatlı olmağa çağırır. Amma nəticə dəyişmir ki, dəyişmir. Əsasən su qızdırıcılarının səbəb olduğu belə hadisələrdən sığortalanmaq üçün nələrə əməl etməliyik?

 

İndiyədək dəm qazından baş verən ölüm hadisələrinin əksəriyyətinə su qızdırıcıları səbəb olub. Söhbət qapalı şəraitdə, yəni hamam orağında, mətbəxtdə quraşdırılanlardan gedir. Onlarla insanın həyatına son qoyan qurğuların öldürmə səbəbini araşdırmaq üçün əvvəlcə keyfiyyəti və qiymətini araşdıraq.

 

Bazarlarda alıcılara müxtəlif çeşidlərdə su qızdırıcıları təklif olunur. Qızdırıcıların qiyməti isə onun ölçüsündən və keyfiyyətindən asılıdır. Qiymət isə 80 manatdan başlayır, 300 manata qədər davam edir.

 

Satıcı deyir ki, ucuz və keyfiyyətsiz malın bu və ya digər təhlükəli tərəfləri əvvəlcədən alıcılara izah edilsə də, ondan imtina edənlər az olur. Hələ üstəlik quraşdırılması zamanı da təhlükəsizlik tədbirlərinə düzgün əməl edilmir. Belə olan halda hadisə qaçılmaz olur. Qarşısını almaq üçün, mütəxəssislər su qızdırıcıları ilə paralel xüsusi qaz dedektorlarının quraşdırılmasını vacib hesab edirlər.

 

Təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, bu cür zəhərlənmə hallarının qarşısını almaq üçün ümumilikdə kompleks tədbirlər görülməlidir.

 

"Beynəlxalq təcrübəyə baxsaq qaz detektorların istifadə olunur. Qaz sızması baş verərsə, bu qaz detektorların işə düşür və insanı qaz sızması ilə bağlı məlumatlandırır və həmin anda insan dərhal hərəkətə keçir həmin məkanı tərk edir və havalandırmanı təşkil edir. Bu qaz detektorların quraşdırılması könüllülük əsasında deyil icbari qaydada həyata keçirilməlidir, bunan bağlı vahid qaydalar hazırlanmalı və tətbiq olunmalıdır".

 

Detektorların olmadığı mənzillərdə isə havalandırma sistemi və tüstü bacaları vaxtı-vaxtında təmizlənməli, su qızıdırıcılar mütəmadi olaraq usta nəzarətində olmalıdır.