Azərbaycanın İrandakı səfirliyinə hücum məsələsi məhkəməyə çıxarılıb

Bölmə: Sosial › ,
Tarix: 22:13 29.01.2024

Azərbaycanın İrandakı səfirliyinə hücümdan 1 il keçdi. Bu bir il ərzində hadisə ilə bağlı araşdırma gedir, istintaq davam etdirilirdi. Bu gün də hadisəni törətməkdə təqsirləndirilən Yasin Hüseynzadə ilk dəfə hakim qarşısına çıxarılır. Həmin şəxsi hansı cəza tədbiri gözləyir? Ümumiyyətlə Azərbaycan tərəfi İranın üzərində bununla bağlı hansı öhdəlikləri qoyub?

 

Azərbaycanın İrandakı səfirliyinə hücum sadəcə bir binaya basqın deyil. Bu, Azərbaycanın ərazisinə hücum deməkdir. İki ölkə arasındakı diplomatik əlaqələrin korlanmasına səbəb olan hadisədə əsas məsuliyyət İranın üzərindədir. Bu məsələ təkcə həmin dövlətin qanunlarında deyil, həm də diplomatik qanunvericilik haqqında Vyana kovensiyasında qeyd olunur. Həmin konvensiyaya görə, səfirliyi qəbul edən ölkə baş verə biləcək hər hansı hücumun qarşısını vaxtında almalı və müvafiq tədbirlər görməlidir. Elə hazırda da hadisəni törədən şəxs İran qanunvericiliyinə əsasən cəzasını alacaq. Bir il ötüb, hələ də nəticə yoxdur, düşüncəsində olanlar var. Mütəxəssislər, bu kimi ağır cinayətlərdə istintaqın uzun proses olduğunu deyirlər.

 

Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev bildirib ki, bu qəsdən adamöldürmə ilə müşahidə edilən terror cinayətidir. 

 

"Biz qeyd etməliyik ki, həm qəsdən adam öldürmə üçün, həm də terrorçuluq cinayəti üçün İranda edam cəzası mövcuddur. Yəni, zərərçəkmiş şəxsin yaxın qohumları qatilin öldürməsini tələb etdikləri halda, dövlət edam cəzası verir. Terrorizm cinayətlərində də həmçinin edam cəzası verilə bilir. Ona azadlıqdan məhrumetmə cəzası verildiyi halda da yenə İran qanunvericiliynə görə veriləcək. İstintaqı da uzun çəkə bilir. Məsələn, bu işdə biz görə bilirik ki, 1 ilə yaxın istintaq çəkdi. Məhkəmə istintaqı da yenə uzun çəkə bilər. Təxmini 1 il də məhkəmə istintaqı ola bilər".

 

Ekspertlər deyir ki, bu hadisədə İran dövlətinin maddi və mənəvi məsuliyyəti var. İran Azərbaycanla münasibətlərini yoluna qoymaq üçün üzərinə qoyulan öhdəliklərə əməl etməlidir.

 

Siyasi ekspert Əli Mustafa qeyd edib ki, bütün hallarda İran bir tədbir görəcəkdir və İranın görəcəyi tədbir onun özünün simasını müəyyən edən məsələdir. 

 

"Yəni, tədbir görməlidir. Belə deyək də bu ləkəni üstündən təmizləməlidir. Burada mütləq üzrxahlıq olmalıdır, mütləq konpensasiya ödənməldir, vurulan zərərin ödənilməsi, o öldürülən şəhidin edilən, yaralanan insanlara dəyən maddi mənəvi zərərin ödənilməsi bu vacib, yəni Beynəlxalq hüququn məsuliyyətinin şərtləridir. Və əlbəttə çox vacib məsələlərdən biri də belə məsələrin bir də baş verməməsi öhdəliyinin götürülməsidir. Bu mütləq olmalıdır".

 

Bir il əvvəl baş verən hadisədən dərhal sonra Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandırdı və bu günə qədər səfirlik işini bərpa etməyib. Xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, səfirliyin yenidən fəaliyyət göstərməsi üçün İran gözlənilən addımları atmalıdır.

 

"Əsas iki məqama diqqət yetirəcəyik. Birincisi, bu terror əməlinin istintaqının başa çatması və bununla bağlı qərarın qəbul olunmasıdır və ikinci məsələ, təbii ki, Azərbaycanla İran islam Respublikası arasında ayrıca olaraq səfirliyin tam 100 faiz təhlükəsizliyin təminat zəmanətlərin verilməsi və bizim bundan arxayn olmağımızdır. Yəni bu iki amil təbii ki, bizim üçün əsas amillər olacaq".

 

Qeyd edək ki, Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov ölümündən sonra vətən uğrunda medalına layiq görülüb. Yaralanan iki əməkdaş - Vasif Tağıyev birinci dərəcəli rəşadət ordeni, Mahir İmanov isə vətən uğrunda medalı ilə təltif edilib.