Məktəblərdə bir ilk: “Məktəbli könüllü” proqramı-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 12:20 30.01.2024
Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü ilə 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün “Məktəbli könüllü” proqramı həyata keçirilir.
İnformator.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi məlumat verib. Ölkədə ilk dəfə keçirilən proqramın məqsədi şagirdlər arasında sosial inkişafa dəstək olmaq, komandada işləmək bacarığını formalaşdırmaq, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətləri gücləndirmək, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyət və vətənpərvərlik keyfiyyətləri ilə örnək təşkil edən gənc nəslin yetişməsinə dəstək olmaqdır.
İlkin mərhələdə Bakı, Xırdalan və Sumqayıt məktəblərini əhatə edən layihəyə bu günədək 780 müraciət daxil olub. Onlardan 482 nəfəri Bakı və Sumqayıtda, 298-i isə digər bölgələrdə təhsil alan məktəblilərdir. Müsahibə mərhələsinə 460 nəfər dəvət olunub, onlardan 213-ü proqrama üzv seçilib.
Qeyd edək ki, proqrama seçim prosesi hazırda davam edir. Proqrama üzv olmaq istəyən şagirdlər 29 fevral tarixinədək qeydiyyat formasını tamamlamalıdırlar. Proqramın tərəfdaşı olmaq istəyən ümumi təhsil müəssisələri isə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət ünvanlaya bilər.
Nəzrin Mirzəyeva