18 yaşı seçki günü tamam olacaq tələbələrlə görüş keçirilib
Bölmə: Sosial › ,Tarix: 16:13 03.02.2024
Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Bakı Konqres Mərkəzində fevralın 7-də keçiriləcək Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələrin iştirakı “Gənc Seçici Forumu 2024" keçirilib.
İnformator.az xəbər verir ki, gənclərin səsvermə hüququndan fəal istifadə etmələrini təbliğ etmək tədbirin əsas məqsədi olub.
Ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbə gənclər tanınmış şəxslərin iştirakı ilə panel müzakirələrdə iştirak edib, seçkilərdə iştirakçılığın vacibliyi və seçki hüquqları barədə məlumatlandırılıblar.
Tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər gənclərin bayramını təbrik edib, dövlət gənclər siyasətinin mahiyyətini vurğulayaraq onlara gələcək kariyeralarında uğurlar arzulayıblar. Mərkəzi Seçki Komissiyasının(MSK) nümayəndəsi gəncləri seçki hüququnu reallaşdırmaqdan irəli gələn prosedur qaydaları ilə tanış edib, onların suallarını cavablandırıb.
Görüşə qatılan tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir, həmçinin “Səs Azərbaycan” yarışmasının qalibi Nadir Rüstəmli də öz gənclikləri dövründə keçdikləri yollardan və qazandıqları uğurlardan bəhs edərək, gəncləri çalışqan olmağa və öz qarşılarına qoyduqları məqsədlərə doğru irəliləməyə həvəsləndiriblər.
Tədbirin sonunda 18 yaşı 7 fevral tarixində tamam olacaq tələbə gənclər üçün xüsusi hazırlanmış doğum günü tortu kəsilib, onların özləri və həmyaşıdlarının seçkidə aktiv olmalarına çağırış olunub.