İsrail-Hizbullah Münaqişəsində Yeni Səhifə-Atəşkəs Razılaşması
Bölmə: Siyasət › ,Tarix: 20:42 28.11.2024
İsrail və Hizbullah arasında illərdir davam edən gərginlikdə yeni bir mərhələ yaşanır. Uzun müddətli düşmənçilik və hərbi qarşıdurmalardan sonra tərəflər arasında atəşkəs razılaşması təsdiq edilib. Bu addım, bölgədəki təhlükəsizlik vəziyyətini stabilləşdirmək və humanitar fəlakətlərin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı politoloq Natiq Miri "İnformator.az"a açıqlamasında bildirib ki, düşünürəm ki, bu, Netanyahunun bir taktikasıdır, çünki bir neçə cəbhədə müharibə aparmaq İsrailin ordu büdcəsini tükədir:
"Bu baxımdan itkiləri kompensasiya etmək, iri raketlərin bazasını yaratmaq üçün zamana ehtiyac var. Həmçinin İsrailin Livanla həmsərhəd bir neçə əyalətində yaşayış məskənləri darmadağın edilib. Bunların bərpasına ehtiyac var. Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və müdafiə naziri Yoav Qallantın həbsi ilə bağlı ordenini də nəzərə almaq lazımdır. Hər nə qədər bunun İsrailə və Netanyahuya təsir etməyəcəyini düşünsələr də, bu çox ciddi bir basqıdır. Ona görə də gələcək taleləri üçün narahatdırlar".
Politoloq ABŞ-ın münasibətindən də danışıb:
"Tramp, Baydendən fərqli olaraq, İsrailə və Netanyahuya münasibətdə daha istidir. Buna görə də indiki vəziyyətdə vaxt qazanmaq, bərpa olunmaq, öz mövqelərini ABŞ prezidenti ilə gücləndirmək məqsədilə atəşkəsə gedildi, çünki uzun müddətdir Bayden administrasiyası həm Qəzza, həm Həmas, həm də Livanla atəşkəs istəyirdi, ancaq Netanyahu bu yerə qədər dirəniş göstərə bilib. Düşünürəm ki, gedər ayaq Bayden administrasiyasına jest naminə belə bir atəşkəsə gedilib. Hələlik mən bu atəşkəsi kövrək, taktiki gediş kimi dəyərləndirirəm. Ancaq bu o demək deyil ki, müharibə bitib. Təbii ki, bundan sonra İsrail rəhbərliyinin davranışı yeni prezident Donald Trampın prosesə necə yanaşmasından sonra bəlli olacaq".
Zəhra Məmmədova