Parklanma qiymətlərində güzəştlər tətbiq olunmalıdır mı? -AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 18:47 03.02.2024
Parklanma qiymətlərindən ən çox əziyyət çəkənlər iş yeri, və yaxud oxuduğu təhsil müəssisəsi ödənişli parkinq ərazisinə düşənlərdir. Bu ödəniş bir neçə dəqiqəlik və ya 1-2 saatlıq maşın saxlayanlar üçün də , 8-9 saat dayananlar üçün də eyni qiymətdən hesablanır.
İctimaiyyət arasında bu mövzuya yanaşmalar da fərqlidir. Məsələn, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəy hesab edir ki, sözügedən şəxslərə hər hansı güzəştin edilməsi doğru deyil.
"Əgər parking daha əlçatan, daha ucuz olacaqsa, bu işlək olmayacaq, biz elə dalana dirənəcəyik. Ona görə düşünürəm ki, parking tarifləri üzrə yenidən baxıla bilər. yalnız həmin ərazidə yaşayan insanlara güzəşt olunur, amma işə getmək məsələsi, sizin səfərinizi nə ilə təşkil etməyiniz artıq sizin seçiminizdir. Avtomobil özü xərclidir və onun da parkinq xərci sizin prioritetinizdir. İctimai nəqliyyatla səfərinizi təşkil edə bilərsiniz".
Milli Məclisin yaz sessiyasının ilk iclasında məsələni müzakirəyə çıxaran deputat Fəzail Ağamalı deyib ki, parkinq qiymətini yüksəltməklə sürücüləri ictimai nəqliyyata sövq etmək üçün əvvəlcə bu sahədəki vəziyyəti qaydasına salmaq lazımdır.
"Avtobus parklarını müasir səviyyədə qurmaq, metrolarda məsafələri azaltmaq lazımdır. Bunun üçün yeni vaqonlar almaq olar, məsafə interval 2 dəqiqədən yuxarı, 3 -4 dəqiqə yox, 1 dəqiqə olsun. Biz kənarda ayrı- ayrı ölkələrdə görürük ki, qatarın biri gedən kimi o biri gəlir. Bu rahatlıq insanlar üçün olarsa, təbii ki insanlar avtomobillərini istənilən yerdə saxlayıb ictimai nəqliyyatla gələ bilər, çünki onun cibinə də uyğundur. Tıxacda xeyli miqdarda yanacaq işlədib pul itirincə, çox cüzi bir ödəmə ilə avtobusa minib istədiyi mənzilə çata bilər".
Parkinqlərin təşkili ilə məşğul olan qurum isə fərqli fikirdədir. İctimai nəqliyyatda xeyli irəliləyiş əldə edildiyini, vəziyyətin getdikcə daha da yaxşılaşacağını iddia edən Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovun sözlərinə görə, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər.
"Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, parklanmaya görə iş yerlərinə, təhsil müəssisələrinə münasibətdə və digər hallarda güzəşt nəzərdə tutulmayıb".
Güzəştin nəzərdə tutulmadığı parklanma qiymətləri belədir: Bakının mərkəzində 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 70, 40, 30 qəpikdir.
Səbinə Vaqifqızı