Bu ixtisasın əlavə edilməsi bir zərurət idi-Ekspertdən AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 15:06 05.02.2024

Azərbaycan Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib. Dəyişikliklə “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nda səhiyyə, rifah və xidmət ixtisasları qrupuna yeni ixtisas əlavə olunub. Həmin ixtisas optometriyadır.

 

Bu barədə informator.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanov bildirib ki, Nazirlər kabinetinin orta ixtisas peşələrinə optometriyanı əlavə etməsi zərurət idi. 

 

"Çünki bir neçə il əvvəl optometriya haqqında qanun qəbul olunub və orada oftalmologiya və optometriyayla əlaqəli fəaliyyətin təşkili, sertifikatların verilməsi, ali təhsil və orta ixtisas təhsilində bu peşənin sertifikatlaşması 5 illik fəaliyyət üçün lisenziyalaşması və s. məsələlər diqqətə alınırdı. Qanunvericiliyə əsasən bu ixtisas əlavə olundu və göz xəstəlikləriylə əlaqəli həkim ixtisasıyla yanaşı burada orta ixtisas istiqaməti üzrə tibb kollecləri və digər müəssisələrdə kadrlar hazırlanır ki, onlar linzaların hazırlanması, gözün ölçülməsi və optik fəaliyyətlərlə əlaqəli analizlərlə məşğul olurlar". 

 

Ekspert qeyd edib ki, orta ixtisaslı bir optometriya və oftalmologiya mütəxəssisi lazımdır və onlar müvafiq imtahanlardan sonra 5 illik sertifikat alırlar. 

 

"Bu sertifikat əsasında xidmət göstərirlər. Tibbi peşə haqqında qanunvericilikdə bu onsuz da nəzərdə tutulub və tibb kolleclərində eyni zamanda ixtisasartırma kurslarında bu ixtisas üzrə mütəxəssis yetişdiriləcək və onlar da oftalmologiya üzrə tibb personalına kömək edəcək, müvafiq lisenziyayla müstəqil fəaliyyət göstərə bilər".

 

Müsahib əlavə edib ki, əslində bu ixtisasa ehtiyac da günü gündən artmaqdadır. 

 

"Elektron KİV-lərin bollaşması, internet istifadəsinin çoxalması və s. insanlarda göz problemləri, oftalmoloji problemlər, həm gözün zəifləməsi, uzaqdan görmə, yaxından görmə problemləri, göz təyziqi və s. müxtəlif xəstəliklər ortaya çıxarır. Yəni bunlara xidmət göstərə biləcək optometriya mütəxəssisinə ehtiyac var".

 

Elçin Süleymanov düşünür ki, bu ixtisas tibb kolleclərində və peşə təhsili müəssiələrində kurslar şəklində tədris oluna bilər.

 

"Nazirlər kabineti müəyyənləşdirib ki, bu fəaliyyət üçün lisenziya tələb olunur, sertifikatlaşma və sertifikat alan 5 il boyunca bu xidməti göstərə biləcək".

 

Samirə Musayeva