Bu günün öhdəlikli uşağı, gələcəyin uğurlu fərdi-Psixoloqdan açıqlama
Bölmə: Sosial › ,Tarix: 17:15 05.02.2024
İnsan həyatının ən önəmli mərhələrindən biri də uşaqlıq dövrüdür. Xüsusən bu dövrdə valideynlərin uşaqlarına qarşı davranışları, onlarla rəftar formaları gələcək fərdin həyatına mühüm təsir edir.
Maraqlıdır ki, uşaqlar valideynləri tərəfindən böyüdülərkən onlara hansı öhdəliklər verilməlidir? Başqa sözlə, uşaq yaşdan fərdə öhdəliklər verilməsi yaxud verilməməsi insanın gələcək fəaliyyətinə nə kimi təsir edə bilər?
Bu barədə psixoloq Zeynəb Əyyubova informator.az-a açıqlama verib.
"Uşaqlara kiçik yaşdan mütləq öhdəliklər verilməlidir. Xüsusən Azərbaycanda illərdir ki, daha çox oğlan uşaqlarına nəslin davamçısı olaraq yanaşılaraq heç bir öhdəlik verilməyib. Bunun əksinə, uşağın paltarını belə valideyn geyindirib, yeməyini də valideyn yedirdib.
Lakin bu gün elə uşaqların həyatda öz mövqelərini müəyyənləşdirə bilməməkləri və yer tapa bilməməkləri, uğur qazana bilməməklərinə səbəb elə valideynlərin övladları qarşısında öhdəlik qoymaması və uşaqlarının uğurlarını görməmələridir".
Psixoloq sadə misalla izah edib ki, uşaqlar yediyi qabı mətbəxə aparmalı, kiçik yaşlarından corablarını belə geyinib-soyunmağı öyrənməlidirlər.
"Uşaqlar kiçik yaşdan öz məsuliyyətlərini qavramalıdırlar. Öz əşyalarına qarşı diqqətli olmağı, itirməməyi, məsuliyyət daşımağı dərk etməlidirlər".
Psixoloqun sözlərinə görə, 1 yaş yarım-2 yaşdan etibarən öhdəliklə böyüyən uşaqlar artıq həyata 1-0 öndə başlayırlar.
"Xüsusilə vurğulamaq istəyirəm ki, biz-Azərbaycanlı valideynlərin ən böyük səhvi övladlarımıza "Mən səndən dərs oxumağından başqa heç nə istəmirəm",-deməyimizdir.
Əslində, biz uşaqlarımızdan dərs oxumalarından başqa da nələrisə istəməli, tələb etməliyik. Əks təqdirdə, dərs oxuyan, universitetə daxil olmuş, amma vicdanı yoxsul, ailə qədri bilməyən, hədəfi olmayan uşaqlar yetişdirmiş olacağıq".
Məryəm Abdullazadə