İşçinin hüquqları pozularsa, hara müraciət edə bilər? -AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 19:59 05.02.2024
Bəzən iş yerlərində rəhbərlik işçiləri əsaslı səbəb, Əmək müqaviləsinə zidd hərəkətlər olmadan işdən çıxarır və səbəbini bildirmir. Bu zaman işdən çıxarılan işçilər hansı hüquqlarını bilməli və haraya müraciət etməlidirlər?
Bu hal hansı hüquqi qaydalarla tənzimlənir?
İnformator.az məsələ ilə bağlı araşdırma edib.
Saytımıza açıqlama edən “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov məsələ ilə bağlı müvafiq hüquqi normaları müqayisəli şəkildə bildirir:
"Əmək Məcəlləsinin 9 -cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas hüquqları təsbit edilib. Həmin maddənin q) bəndinə əsasən, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır.
Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.
Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər".
Rüfət Səfərov “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsini də nümunə göstərir:
" “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etmədən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi sahəsində dövlət nəzarətini həyata keçirir.
İnzibati Xətalar Məcəlləsininin 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir".
Müsahib sonda əlavə edir ki, işçilər qanunsuz şəkildə işdən qovularsa, hüquqları pozularsa, bu tipli müraciətlər edə bilər.
Nəzrin Mirzəyeva