Uşaqlarda kəkələmə: Səbəblər və həllər-Loqopeddən açıqlama

Bölmə: Sosial › ,
Tarix: 22:09 05.02.2024

Bugünün sağlam övladı gələcəyin həm uğurlu, həm də sağlam şüurlu fərdidir. Müasir dövrün gətirdiyi bir sıra problemlər uşaqların da sağlamlıqlarına mənfi təsirsiz ötüşmür. Bu problemlərindən ən geniş yayılanı uşaqlarda kəkələmədir.

Defektoloq, loqoped Güldanə Qəzənfərova bu gün "Modern Azərbaycan Yeniliklər və Təcrübə Mərkəzi"nin təşkil etdiyi "Kəkələmə" adlı onlayn təlimdə bu mövzuya aydınlıq gətirib. O bildirib ki, kəkələmə ən ağır nitq qüsurlarından biridir.

"Müasir dövrdə kəkələməyə geniş rast gəlinir. O daha çox sinir sistemi ilə bağlıdır. Sinir sistemində zəiflik onun başlıca səbəblərindəndir".

Defektoloq qeyd edib ki, kəkələmə uşağın artikulyasiyasında qıcolmalarla müşahidə edilir və daha çox oğlanlarda rast gəlinir. 

"Buna səbəb oğlanların sinir sisteminin qızlara nisbətən daha zəif olmasıdır. Hətta təkcə kəkələmə yox, buna bənzər digər nitq qüsurları da oğlan uşaqlarında daha çox müşahidə edilir".

Loqopedin sözlərinə görə, yadda saxlamaq lazımdır ki, kəkələmə yüz faiz aradan qalxmır. Əslində isə bu, kəkələmənin yaranma səbəbindən və növündən asılıdır.

"Yəni əgər fərd nə zamansa yenidən stress və əsəb yaşayarsa, kəkələmə yenidən qayıda bilər. Amma bu o demək deyil ki, kəkələmə aradan qaldırıla bilməz".

Güldanə Qəzənfərova vurğulayıb ki, kəkələmə yaz və payız aylarında sürətlənir. Buna görə də kəkələyən uşaqların həmin aylarda qidalanmasına xüsusi nəzarət vacibdir.

"Tünd çay, kofe, həddindən artıq turş, acı və şirin qidalar uşaqların artikulyasiyasında qıcıqlandırıcı təsir yaradır".

Loqoped xüsusilə qeyd edib ki, uşağın artikulyasiyasında qıcolma yoxdursa, biz həmin vəziyyəti kəkələmə adlandıra bilmərik.

"Məsələn, bəzən insanlar ani əsəb və stress yaşayırlar. Bu zaman dil dolaşır. Amma həmin dəqiqə kəkələmə diaqnozu qoymaq düzgün deyil".

Defektoloq, loqoped kəkələmənin yetkin yaşlı fərdlərdə də görünsə də, 2-5 yaş arası uşaqlarda daha çox yayıldığını vurğulayıb.

Onun sözlərinə görə, kəkələmə yaranma səbəblərinə görə iki qrupa bölünür: orqanik və funksiyonal.

"Uşaqlarda 2-5 yaş arası ən mühüm inkişaf dövrlərindən biridir. Əgər bu ərəfədə uşaq hər hansı travmalar, yaxud doğuş zamanı zədələr alarsa, bunlar uşağın mərkəzi sinir sistemini zədələyəcək. Bununla yanaşı, uşaq bu dövrdə qızılca, məxmərək, yaxud qripin ağır formasını yaşaya bilər. Bu da sinir sistemini zədələyə bilər və nitq qüsuruna yol aça bilər. Bunlar orqanik səbəblərdəndir".

Daha sonra Güldanə Qəzənfərova funksiyonal səbəblərə də aydınlıq gətirib:

"Ailədə ikidillilik və təqlidetməni misal göstərə bilərik. Təqlidetmə kəkələmənin funksiyonal səbəblərinin ən geniş yayılan formasıdır.

Belə ki, əgər uşağın ailə üzvlərinin hansındasa kəkələmə varsa, avtomatik olaraq uşaq da həmin şəxsi təqlid edir. Loqoped uşağın qüsurunu aradan qaldıra bilsə də, uşaq evdə və ya bağçada kimdənsə gördüyünü yenidən təqlid etməyə başlayır və kəkələmə yenidən qayıdır".

Defektoloqun sözlərinə görə, loqoped məsələnin kökünü axtarmalıdır.

"Həmin insan: ata, ana, bacı, qardaş və s. də mütləq loqopedə cəlb edilməlidir ki, məsələ kökdən həll edilə bilsin".

Məryəm Abdullazadə