Ailənin tək uşağı olmaq uşaq psixologiyasına necə təsir edir?-Psixoloqdan AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 13:10 06.02.2024
Hazırda istər maddi çətinliklər, istərsə də rahat böyütmək baxımından əksər ailələrdə 1 yaxud 2 uşağa üstünlük verilir. Təbii ki, bu uşağın maddi yaşamına müəyyən qədər təsir edir, bəs bu hal onun psixologiyasına necə təsir göstərir?
Psixoloq Vəfa Əkbər mövzu ilə bağlı Informator.az-a açıqlama edib.
Psixoloq hesab edir ki, hər ailədə uşaq özünü önəmli, dəyərli hiss etmək istəyir və bu onun haqqıdır.
"Tək uşaq və bacı-qardaşı olan uşaqlar bir-birindən çox fərqlənir. Əgər uşaq tək böyüyürsə, onda hiper sevgi ehtiyacı olur, heç vaxt sevgidən doymur, daim sevgi , diqqət istəyir və o uşaq paylaşmağı, rəqabəti, sağlam mübahisəni bacarmır. Çünki ailədə bacı-qardaşı olan uşaqlar savaşıb, dalaşıb, barışıb nələrisə əldə etməyi öyrənir, beləliklə cəmiyyətə hazır fərd olurlar. Tək uşaqlar isə belə olur ki, uşaq həmişə kənardan ana-atasının ona göstərdiyi sevgi və diqqəti gözləyir. Bu sevgini dostundan, müəllimindən gözləyir görmədikdə isə çox tez qırılır, məyus olur hətta bəlkə də depressiyaya düşür. O uşaq həmişə hər kəsdən, hər şeydən şikayətlənə bilər".
Vəfa Əkbər bildirir ki, həmin uşaqlar dostluq qurmaqda, sosiallaşmaqda çətinlik çəkirlər.
"Tək uşaq olmağın digər çətin yanı da budur ki, gələcəkdə qarşıya çıxan çətinliklərdən baş aça bilmir, çünki sağlam dostluq qurmaqda çətinlik çəkir, həmişə kiməsə yaranmağa çalışır, özündən pay verməyə çalışır yaxud bunun tam əksi olaraq narsist biri olub diqqəti yalnız özünə çəkməyə çalışır .
Belə olduğu təqdirdə o uşaq cəmiyyət üçün məhsuldarlığını itirir. Bir müddət sonra bu uşaqlar özünə qapanıb tənha hiss edirlər, belə olmaması üçün valideynlər ailə planlamasını düzgün qurmalıdırlar. Çünki uşaqlar üçün ata-anadan əlavə cəmiyyətdə onu ayaqda saxlaya biləcək , evdə paylaşmağı öyrədəcək bacı-qardaşa ehtiyac var. Vacib deyil ki, evdə 4-5 uşaq olsun amma tək uşaq daha çətindir".
Psixoloq son olaraq vurğulayır ki, tək uşağı böyütmək valideynlər üçün də çətindir.
"Ailədə tək uşağın olması valideynlər üçün də çətindir, çünki valideynlər ona ata-ana sevgisini verir amma bacı-qardaşın mövqeyi isə tamamilə başqadır.
Valideyn bir yaşa qədər uşağın oyuncağı, bir yaşdan sonra dostu olur və ömrünün sonunadək yalnız toksik bağda bağlandığı insana çevrilir və valideyndən qopa bilmir".
Aydan İsayeva