Dəhşətli zəlzələdən bir il ötür...
Bölmə: Sosial › ,Tarix: 14:29 06.02.2024
Türkiyənin 11 vilayətində baş verən zəlzələdən 1 il ötür.
7.7 bal gücündə olan zəlzələdə 14 milyondan çox şəxs zərər çəkdi, 50 mindən çox insan dünyasını dəyişdi, həlak olan şəxslərin arasında Azərbaycanlı tələbələr də var idi. Əsrin faciəsi adlanan bu zəlzələ zamanı dünyanın bir çox ölkəsindən Türkiyəyə yardımlar edildi.
Həmin ağrını ürəyində hiss edərək Azərbaycandan yardıma gedən könüllü gənclər də az olmayıb…
Bu gənclərdən biri də Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Murad Zeynalov idi. Murad Zeynalov informator.az- açıqlamasında bildirir ki, qardaş ölkə Türkiyədə zəlzələ baş verən zaman onların fəaliyyəti öz ölkəmizdə başladı.
‘’Zərərçəkənləri qida və ərzaqla təmin etməyə çalışırdıq, ilk vaxtlarda tırları yükləməklə məşğul idik. Daha sonra BDU Könüllüləri tərəfindən təklif olundu ki, qardaş ölkə Türkiyəyə səfər edib, kömək edək. Təbii ki, bunu çox böyük məmnuniyyətlə qəbul etdim. Fevralın 10-u Azərbaycandan yola düşdük, ayın 12-si isə artıq Kahramanmaraşa çatdıq’’.
Murad deyir ki, Kahramanmaraşda sağlam binalar təhlükə altında olduğu üçün onların ilk işi çadır qurmaq olub. Daha sonra yerli əhaliyə kömək etməyə başlayıblar.
‘’Bir qrup üzv əhali üçün çadır qurur, Digər şəhərlərə də gedib əhaliyə yardım edirdi. Bizim fəaliyyətimiz əhalini yemək ilə təmin etmək, uşaq, qadın və yaşlıların ehtiyyacını ödəmək idi. Qida, isti geyim, elektrik vasitələrini əhaliyə paylamağa başladıq. Fəaliyyətim zamanı müşahidə etdim ki, insan əlindəki hər şeyi itirə bilər’’.
Murad Zeynalov qeyd edir ki, bu hadisə insanlara çox mənfi təsir göstərirdi. Azərbaycandan gələn psixoloqlarımız bunun qarşısını almaq üçün əllərindən gələni edirdilər.
‘’Biz eyni zamanda digər ərazilərin anbarlarıdan qida, geyim vasitələrini tırlara yükləyib olduğumuz yerə gətirib, zərərçəkənlərə paylayırdıq. Bu hadisə bizə əlimizdə olanların qədrini bilməyi, bir gün hər şeyi itirə biləcəyimizi öyrətdi. Bu hadisə oraya yardımda gedən gənclərin həyatında unudulmaz ilklərdən idi’’.
BDU-nun Geologiya fakültəsində təhsil alan Bəhramov Fazil də həmin gənclərdən biri idi. Fazil Bəhramovun sözlərinə görə, o, ilk dəfə Kahramanmaraşa girəndə vahimə bədənini bürüyüb.
"Həqiqətəndə hər yer çox pis vəziyyətdə idi. Heç bir yerdə işıq yox idi , şəhərə qapqaranlıq idi. Yolun ortasında sahibsiz maşınlar var idi. Evlərdən isə əsər-əlamət yox idi. İlk gün avtobusda gecələdik, normal yata bilmədik. İlk dəfə səhər vaxtlarında şəhərə ayaq basanda gördüklərimiz qabağında şokda idik. Bir çox ailələr yarım vəziyyətdə, uşaqlar valdeynsiz, valideynlər isə uşaqsız idi. Düşünün ki, bir gecə yatırsan və səhərə nə səndən, nə də ailəndən heç kim dünyada qalmır’’.
Fazil əlavə edir ki, ailələr çöldə yatırdı.
"O havada, evimiz belə soyuq olduğu halda, oradaki insanlar nazik paltarlarda çöldə qalırdı.
Zərərçəkənlərə bir çox humanitar yardım edirdik. Yeri gəlirdi ailə olmağa çalışırdıq, qardaşlığımızı hiss etdirməyə çalışırdıq. Məncə, bunu bacarırdıq. İnsan bir gündə böyüyə bilər, orada böyüdük biz, həm də bir neçə günə’’.
O gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kurs tələbəsi Bəşirzadə Əlipaşa da qardaş ölkəyə yardıma gedən gənclərdən idi.
Bəşirzadə Əlipaşa saytımıza orada keçirdiyi günlərdən danışarkən bildirir ki, o, 1 ay müddətinə (fevralın 10 dan martın 11-nədək) Kahramanmaraşda zəlzələ bölgəsində könüllü olaraq çalışıb.
‘’İnsanlar çox çətin vəziyyətdə idi, dağılan evlər, valideynsiz qalan uşaqlar, uşaqların vəfat edən valideynlər, dostlarını və yoldaşını itirən insanlar, çadırda qalan yaşlılar və s. Biz oraya çatdığımız günün səhəri bizə zərərçəkənlər yaxınlaşırdı, bizi öz yaxınları kimi bilib qucaqlayır, öz dərdlərini danışır, bizi dost bilirdilər. Bizim yoldaşlarımızdan olan Kamran Hüseynzadə çadırı düzəltmək üçün örtük götürmək istədikdə uşağın biri yaxınlaşdı və Kamranı qucaqladı, daha sonra ağlamağa başladı, anası da oradaydı. Kamran onunla danışdı, oynadı və uşağın üzünü güldürdü. Biraz keçdikdə onunla dost olmaq istədiyini dedi. Uşaq isə ‘’mən səninlə dost olmayacam’’ dedi. Kamran səbəbini soruşanda isə “mən səni də itirmək istəmirəm” ifadəsini işlətdi. Bu söz bizə çox pis təsir etdi və ikimizdə sakit şəkildə bir-birimizə baxıb kədərli ifadə ilə uşağı qucaqladıq. Anası yaxınlaşıb dedi ki, bütün dostları zəlzələ vaxtı vəfat edib, bircə mənim övladım sağ qaldı, atasınıda orada itirdik. Bunu eşitdikdə biz çox pis olduq amma nə etməli… 8-9 yaşlı uşaq bu ifadəni fikirləşib işlədirsə, digər uşaqların halını fikirləşmək çox çətin idi".
Əlipaşa deyir ki, uşaqların bu yaşda belə bir fəlakətlə üzləşməyi çox çətin idi.
"Hələ öz övladları yerində bizi görüb, qucaqlayıb ağlayan analar, atalar, nəvəsi kimi bizi əzizləyən nənə və babalar ,dost kimi bizimlə dərdləşən həmyaşıdlarımız, bizi bir qardaşı kimi görüb yaxınlaşıb bizimlə oynayan uşaqlar var idi.
Enkazlara baxanda dolub ağlayanlar var idi, soyuqda əynində heçnə olmadan yardım edənlər var idi. Bu hadisə mənə də çox təsir etdi. İnsan beynində bir travma kimi qalıcı idi’’.
Bəşirzadə Əlipaşa qeyd edir ki, onlar 1 ay müddətində orada bir çox zəlzələ görüblər., insanlar onu hiss etdikdə yaşadıqları hadisə yadlarına düşürdü və şok halında tərpənməz qalırdılar.
"Bizim psixoloqlarımız da var idi, onların bu insanlara təsiri çox idi, onların dərdini dinləyib onlara məsləhət verirdilər, insanların travmasını aradan qaldırmaq üçün hər şey edirdilər.
Bu müddət bir dəhşət idi bu hadisəni yaşamaq çox sarsıdıcıdır. Mən yardımların paylanılmasında iştirak etdikdə bu hadisələrdən zərərçəkənlərin necə qorxu içində olduqlarını görürdüm.Çadırları qurarkən, yardımlar paylayarkən, yemək paylanılmasına kömək göstərərkən, uşağları əyləndirərkən fərqinə vardım ki, əgər biz zərərçəkən insanlara əl uzatmasaq, köməklik göstərməsək öz düşüncələri və qorxusu ilə özünü məhv edə bilər’’.
Sevinc Yarməmmədova