Baş plan səki probleminə çarə ola biləcək?

Bölmə: Sosial › ,
Tarix: 22:03 06.02.2024

Paytaxtın səki ilə bağlı problemi bitmək bilmir. İnsanlar üçün nəzərdə tutulan səkilər həmişə piyadalardan çox hansısa obyekt sahiblərinin, sürücülərin marağında olur. İstər mərkəz ərazilərdə, istərsə də kənar ərazilərə baxdıqda səkilərin üzəri ya parkinqdir, ya da hansısa obyektin ərazisidir. Hətta səkiləri zəbt edən şəxslər barəsində qanunvericilikdə cəza nəzərdə tutulub. Amma görünən odur ki, bu da problemin həllinə çarə olmur. İnsanların tək ümidi isə Bakının baş planına idi. Bəs Baş plan səki probleminə çarə ola biləcəkmi?

 

Bakı şəhər Dövlət Yol Polis idarəsinin bölmə rəisi qeyd edib ki, əslində həmin şəxslərin cərimələnməsi həyata keçirilir.

 

"Bu qaydanı pozan sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətallar məcəlləsinin 346.1 maddəsinə əsasən 20 manat məbləğində cərimə də nəzərdə tutulub. Odur ki, həmin sürücülərdən xahişimiz və tələbimiz ondan ibarətdir ki, səkilərdə saxlayaraq piyadaların hərəkətinə mane olmasınlar. Əks halda barələrində qanunamüvafiq tədbir həyata keçiriləcək".

 

Amma görünən odur ki, nə xəbərdarlıq, nə cərimə bu halların qarşısını ala bilib. Ümid Bakının baş planınadır. 

 

Memar Elçin Əliyev bildirib ki, demək olmaz ki, bir standart var 1 və ya 2 metr olmalıdır. 

 

"İnsanları fikirləşərək etməlidirlər. Hər bir vəziyyətdən çıxış tapmaq olar. Səkini belə eləmək olar ki, nəzərə almaq olar ki, ordan insan keçsin, məsələn uşaq arabası ilə analar keçsin. Bunu göstəriş verən insanlar niyə görə nəzarət etmirlər? Hələlik baş plan açıqlanmayıb. Baş planın ümumi hissəsi açıqlanıb. Detal planlaşma məhz orda göstəriləcək ki, hansı binanın taleyi nə olacaq, səki nə boyda olacaq".

 

Qeyd edək ki, Baş planda vurğulanır ki, Bakı 2040-cı ilədək insanyönümlü şəhərə çevriləcək.