Göyçayda seçkilər davam edir
Bölmə: Sosial › ,Tarix: 10:21 07.02.2024
Bildiyimiz kimi bu gün növbədənkənar Azərbaycan Prezidenti seçkiləri keçirilir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçkilərə hazırlıq prosesi barədə məlumat verib, hazırlığın yüksək səviyyədə aparıldığını bildirib. MSK sədri səsvermənin başlandığını elan edib. Dövlət himninin səslənməsi ilə səsverməyə start verilib.
İnformator.az xəbər verir ki, bu gün Azərbaycanın digər bölgələrində olduğu kimi Göyçay rayonunun Ləkçıplaq kəndində də saat 8:00-dan etibarən seçkilər davam edir. 91 saylı seçki dairəsinin 33 və 35 saylı seçki məntəqəsində iştirak etdik.
Məntəqə üzvü Teymur Umudov bildirdi ki, növbədənkənar seçkilərin keçirilməsi vacib idi.
"Saat 8-in yarısında artıq 100-dən çox seçici məntəqədə idi. Bu il növbədənkənar seçkilərin keçirilməsi əsl prezidentin kim olduğunu bir daha təsdiq edəcək. Bu gün bir bayramdır".
Seçki müşahidəçisi Afət Səlimova seçkilərin təbii və şəffaf keçdiyini söylədi.
"Cəmiyyət seçkilərdə iştirak edərək öz sözünü azad şəkildə deməlidir və hər zaman beləcə davam etməlidir. Əhali gəlir, səs verirlər və heç bir qanun pozuntusuna yol verilmir. Düşünürəm ki, seçkidən sonra da daha da yaxşı, inamla və əzmlə vətənimiz, torpağımız və xalqımız üçün çalışacağıq və gözəl günlərimiz olacaq".
Məntəqə üzvü Şakir Əhmədov seçkilərin şəffaf şəkildə keçdiyini bildirdi.
Seçki məntəqəsinin müşahidəçisi Südabə Vəliyeva qeyd etdi ki, səhər saat 6-dan buradayıq və ardı-arası kəsilməyən seçicilərimiz gəlməkdə davam edir.
"Seçkilər çox obyektiv keçir və biz də bunu müşahidə edirik. Mənim fikrimcə, seçkilərin sonunda gözəl nəticələr əldə edəcəyik".
Məntəqə üzvü Qızılgül Qurbanova qeyd etdi ki, demokratik ölkədə yaşadığımız üçün seçkilər ölkəmizin siyasi əlaqələrinə müsbət mənada güclü təsir göstərəcək.
"Gördüyünüz kimi hər kəs seçki prosesində həvəslə iştirak edir. Həmçinin biz də öz vəzifəmizi məsuliyyətlə yerinə yetirməyə çalışırıq. Eyni zamanda güman edirik ki, növbədən kənar seçkilərin nəticəsi xalqımızın rifahının daha da yaxşılaşmasına kömək edəcək. Kənd əhalisi də həvəslə və maraqla seçkidə iştirak edir".
Qeyd edək ki, Səsvermə saat 19:00-da başa çatacaq. Bundan sonra səslərin sayılmasına başlanacaq.
Aynur Babayeva