Ölkədə bu qədər məktəb bağlanır?

Bölmə: Sosial › ,
Tarix: 22:43 27.11.2024

Ölkədə təxminən 4400 məktəbdən 1500-nün bağlanması planlaşdırılır. Məqsəd xərclərin optimallaşdırılmasıdır. 

 

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu "informator.az"a açıqlamasında bildirib ki, hazırda Təhsil Nazirliyindən məktəblərin bağlanması ilə bağlı rəsmi açıqlama verilməyib:

 

"Bu səbəbdən, prosesin necə həyata keçiriləcəyi, hansı mexanizmlərin tətbiq olunacağı dəqiq məlum deyil. Deputat Ceyhun Bayramovun dünən Milli Məclisdə səsləndirdiyi fikirlərə əsasən, 1400 məktəbin bağlanacağı qeyd olunub. Lakin bu, ciddi sosial və təhsil problemlərinə səbəb ola biləcək statistikadır".

 

Prosesin qarşıya çıxardığı problemlər isə bunlardır:

 

"Mexanizm məlum deyil:

Təhsil Nazirliyi bu məsələnin həyata keçirilməsi ilə bağlı heç bir plan və ya proqram təqdim etməyib. Prosesin detalları açıqlanmadığı üçün dəqiq fikirlər söyləmək mümkün deyil.

 

Şagirdlərin və valideynlərin narahatlığı: 

Xüsusilə kənd yerlərində şagirdlərin uzun məsafələr qət etməsi əlavə yük yaradacaq. Çantaların ağırlığı, uzaq məktəblərə gedib-gəlmək kimi problemlər valideynləri də narahat edəcək.

 

İşsizliyin artması:

Məktəblərin bağlanması müəllimlər və texniki işçilər arasında kütləvi işsizliyə səbəb ola bilər. Xüsusilə ucqar ərazilərdə alternativ iş imkanlarının məhdud olması vəziyyəti daha da çətinləşdirəcək.

 

Avtobus problemi:

Şagirdlərin uzaq məsafələrə daşınması üçün mütləq avtobus təmin olunmalıdır. Bunu artıq dövlət nəzərə almalı və prosesə daxil etməlidir. Müəssisələrin sonrakı istifadəsi məsələsi də vacibdir. Məsələn, həmin binalar mədəniyyət evi və ya digər ictimai təyinatlı müəssisə kimi istifadə oluna bilər".

 

Nərgiz Orucova