Azərbaycan və İran birgə hərbi təlim -"Dönüş nöqtəsi"

Bölmə: Siyasət › ,
Tarix: 23:08 27.11.2024

Azərbaycan və İran hərbiçiləri birgə təlimlər həyata keçirir. Bu təlimlər iki ölkə arasında hərbi əməkdaşlığın müsbət istiqamətdə olduğunu göstərir. Son təlim Xüsusi Təyinatlıların təlimi idi. 

 

İran əvvəl Zəngəzur dəhlizini özünün ‘’qırmızı xətti’’ adlandırıb. İndi isə Azərbaycanla təlimləri ‘’dönüş nöqtəsi’’ adlandırır.

 

Mövzu ilə bağlı politoloq Sultan Zahidov "informator.az’’a açıqlamasında bildirib ki, hazırda birgə təlimlərin keçirilməsinə təəccüblə yanaşmamalıyıq: 

 

"Azərbaycan və İran arasında hazırda birgə hərbi təlimlər keçirilir. Bu ilk hərbi təlim deyil, bundan 5-6 ay öncə də belə hərbi təlimlər keçirilib. Bu o deməkdir ki, hər iki ölkə, xüsusən də, İran Azərbaycanla münasibətləri normallaşdırmağın tərəfdarıdır və bu yöndə addımlar atır. İlk belə addımı İranın Tehranda baş verən terror hadisəsindən sonra həmin terroru törətmiş şəxslə bağlı İran məhkəməsinin ölüm hökmü verməsi oldu. Bundan sonra Azərbaycan Tehranda yerləşən səfirliyini bərpa etdi. Bütün bu dinamika iki ölkə arasında münasibətlərin müsbətə doğru irəlilədiyinin göstəricisidir".

 

Politoloq bildirib ki, münasibətlərdə problem yaradan tərəf İran idi:

 

"İkinci Qarabağ müharibəsindən sonra bölgədəki yeni geosiyasi vəziyyəti həzm etmək istəməyən İran Azərbaycanın güclənməsindən, Türkiyənin Cənubi Qafqazda təsir dairəsini artırmasından ehtiyatlanaraq hər iki ölkəyə, xüsusən də, Azərbaycana qarşı sərt ritorika səsləndirməkdə idi. Zəngəzur dəhlizi ilə bağlı əlaqəsiz və qeyri-konstruktiv fikirlər söyləməkdə idi və ən sonda Tehrandaki terror hadisəsi Azərbaycanın səbrini daşıran hadisə oldu. Azərbaycanın səfirliyinin geri çağırılması ilə iki ölkə arasında münasibətlər gərginləşdi. Amma son 5-6 ayda iki ölkə arasında normallaşma sezilməkdədir. Biz xatırlamalıyıq ki, may ayında Azərbaycan prezidenti İlham Əliyevin və İranın mərhum prezidenti İbrahim Rəisinin iştiraki ilə ‘’Xudafərin’’ və ‘’Qız qalası’’ su elektrik stansiyalarının açılış mərasimləri oldu. Ondan sonra da münasibətləri gərginləşdirəcək hansısa bir hadisə baş vermədi və bu baxımdan hazırda birgə hərbi təlimlərin keçirilməsinə təəccüblə yanaşmamalıyıq".

 

Günel Verdiyeva