Tarix yazan qəhrəman-Mübariz İbrahimov!
Bölmə: Sosial › ,Tarix: 11:59 07.02.2024
Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbini müvəffəqiyyətlə bitirib və 2006-cı ilin mart ayında Biləsuvar Rayon Hərbi Komissarlığı onu həqiqi hərbi xidmətə çağırıb.
2009-cu il sentyabrın 18-də öz arzusu ilə könüllü surətdə yenidən həqiqi hərbi xidmətə qəbul edilərək, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir hazırlığı kursunu bitirib, motoatıcı taborun motoatıcı tağım komandirinin müavini kimi cəbhə bölgəsində əsgəri borcunu şərəflə və vicdanla yerinə yetirib.
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin”.
Milli Qəhrəman Mübariz İbrahimov
Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlayıb. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın edib və burada beş saat döyüşərək səhər saatlarında qəhrəmancasına şəhid olub.
“Bu gün çox kədərli bir gündür. Eyni zamanda, çox şərəfli bir gündür. Mübarizlə Fərid Vətən uğrunda öz torpağında həlak olmuşlar. Onlar əsl qəhrəmanlıq, rəşadət göstərmişlər. Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olub. Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. 07 noyabr 2010
Döyüşdən sonra Mübariz İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalıb, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib edib. Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun nəşi 6 noyabrda Azərbaycan tərəfinə təhvil verilib. O, İkinci Fəxri Xiyabanda dəfn edilib.
"Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir, Dağlıq Qarabağ bizim doğma, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı Dağlıq Qarabağda və ətraf bölgələrdə yaşamışdır, yaratmışdır. Bu günkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Qəhrəman Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimi nitqindən. 07 noyabr 2010
Mübariz İbrahimov Azərbaycan ictimaiyyətində milli qəhrəmana çevrilib. Biləsuvarda onun adına küçə və məktəb var. Mübariz İbrahimovu təsvir edən heykəllər ucaldılıb, onun şərəfinə xatirə lövhələri hazırlanıb, filmlər çəkilib, haqqında kitab yazılıb və xarici teleseriallarda bəhs edilib.
Mübariz İbrahimov ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb.
Qeyd edək ki, 4 oktyabr 2020-ci ildə Mübariz İbrahimovun şəhid olduğu yer Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib və burada Azərbaycan bayrağı dalğalandırılıb.
Banuçiçək Kalbalıyeva