Təmayül sinifin şagirdlərə təsiri-Ekspertdən AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 15:05 07.02.2024

Şagirdlər yuxarı, xüsusilə, 10-11-ci siniflərdə təhsil almağa başlayanda onların hazırlaşdıqları ixtisas qrupu üzrə uyğun fənlər, imtahan nəticələri, maraqları nəzərə alınaraq təmayül siniflər yaradılır və şagirdlər bu siniflər üzrə qruplaşdırılırlar, onlara öz maraqlarına uyğun olaraq sadəcə  müəyyən fənlər tədris olunur.
Ölkəmizdəki bir çox məktəbdə təmayül siniflər mövcuddur.


Bəs təmayül siniflərin şagirdlərin imtahan nəticəsinə təsiri necədir?

İnformator.az məsələ ilə bağlı araşdırma edib.

11-ci sinif şagirdi, humanitar təmayüllü sinifdə təhsil alan Zəhra Əliyeva III ixtisas qrupu üzrə hazırlaşır və o,  təmayül sinifdə təhsil almağın müsbət hal olduğunu düşünür.

 

"Çünki  bu sinifdə mənim üçün önəmli olan fənləri oxuyuram. Yəni humanitar təmayüllü olduğum üçün  fizika, kimya , biologiya kimi fənlər keçirilmir, amma təmayül sinif olmasaydım, bu fənlərin müəllimləri məndən öz fənlərini oxumağımı tələb edəcəkdilər, ancaq bu fənlər mənim hazırlaşdığım III ixtisas qrupunda yoxdur. Təmayül sinifdə oxumağın başqa müsbət cəhəti də budur ki, hazırlaşdığım fənləri həm məktəbdə, həm də hazırlıqda oxuyuram, bu da daha yaxşı hazırlaşmağıma səbəb olur.   Düzdür, indi bir çox abituriyent hazırlıq dərslərinə arxayın olduğu üçün məktəb dərslərini oxumur, ancaq  düşünürəm ki, məktəbdəki dərsləri oxumaqla hazırlıqda öyrəndiyimiz mövzuları təkrarlamaq imkanımız olur".

 

Təhsil eksperti Qoşqar Məhərrəmov informator.az- a açıqlamasında qeyd edir ki, təmayül siniflərin açılması müsbət addımdır.

 

"Məlumdur ki, müxtəlif beynəlxalq təhsil, beynəlxalq bakalavriat, Kembric sistemlərində 10,11, 12-ci siniflərdə dərs sayı daha məhduddur, yəni şagirdlər istədikləri dərsləri seçirlər və o dərslərdən verdikləri imtahan nəticəsində universitetlərə müraciət edirlər. Bizdə isə dərs sayı normadan çoxdur, bir şagird 10-11-ci sinifdə universitetə köklənir, amma universitet imtahanı zamanı düşməyəcək fənlər onun qarşısına çıxır və bu fənlərin məzmunu 5-6-cı sinifdən başlanır, yəni şagird bu siniflərdə oxumalıdır ki, universitetə qəbul olsun. Ancaq digər təhsil sistemlərində bu prosesin spiralvari getdiyini müşahidə edirik. Xaricdə şagird 11-12-ci sinifin fənlərini oxuyaraq universitetə müraciət edə bilir, amma bizim şagirdlərimiz universitetə qəbul olmaq üçün 5-ci sinifdən çalışmalıdır,  bu da əlavə yük yaradır. Təmayül siniflər müsbət addımdır və hesab edirəm ki, bu, genişləndirilməlidir".

 

Ekspert vurğulayır ki, təmayül siniflərin düzgün təşkil edildiyi sistem qurulmalıdır.

 

"Bir çox hallarda məktəb direktorları və ya onların müavinləri təmayül sinifləri təşkil etsələr belə şagirdləri həmin siniflərə düzgün yönləndirə bilmirlər. Məsələn, humanitar təmayüllü sinifdə kifayət qədər şagird sayı var, ancaq texniki təmayüllü sinifdə kifayət qədər şagird sayı olmadığı üçün o sinif açıla bilmir, ona görə də məktəb rəhbərliyi humanitar təmayüllü şagirdlərin repetitor yanında hazırlaşdıqlarını nəzərə alaraq onlar texniki təmayüllü sinifə yönləndirilir. Nəticədə şagirdlər məktəbə gəlmir, məktəb rəhbərliyi də buna göz yumur".

 

 Qoşqar Məhərrəmov sonda bildirir ki,   elə sistem qurulmalıdır ki, 3- 5 şagirdlə belə sinif açılsın.

 

"Məncə, biz bunu qura bilsək, problem aradan qaldırılacaq və insanlar sadəcə özlərinə gərəkli fənlərdən təhsil alacaqlar. Düşünürəm ki, bu belə olmalıdır".

 

Nəzrin Mirzəyeva