Azərbaycan məzənnəsində devolvasiya və ya kəskin ucuzlaşma gözlənilmir-Ekspertdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 15:45 07.02.2024
Azərbaycanda 2024-cü ilin yanvar və fevral aylarında xarici valyutaya tələbatın yü yüksəlməsi davam edib. Bəs xarici pul vahidlərinə kütləvi ehtiyacın yaranması nə ilə bağlıdır? Milli valyutanın ABŞ dollarına qarşı məzənnəsində dəyişiklik ola bilərmi?
Bu barədə iqtisadçı Ruslan Atakişili informator.az-a açıqlamasında bildirib ki, son dövrlərdə xarici valyutaya tələbatın yüksəlməsinin bir neçə səbəbi var.
"Azərbaycan Mərkəzi Bankının rəhbərinin 2023-cü il üzrə Azərbaycan manatının məzənnəsi ilə bağlı verdiyi mətbuat konfransında qeyd etdiyi kimi, 2023-cü ilin sonlarına doğru Azərbaycan manatına təzyiqlər artdı. Əhalinin və ya şirkətlərin xaricdən alışlarının artması ilə xarici valyutaya ehtiyac yaranır. Mətbuatda yayılan manatla bağlı bir sıra yazılar da buna təsir göstərdi. Xüsusilə, biz devalvasiyanın gözləndiyi ilə bağlı açıqlamaları gördük. Fəqət hələ ki, belə hallar gözlənilmir. Bu kimi məsələlər də istər-istəməz əhalidə psixoloji olaraq, öz pulunu xarici valyutaya çevirməyə təşviq edir".
İqtisadçı qeyd edir ki, Azərbaycan manatının məzənnəsi ilə bağlı olan 2016-cı ildə hazırlanmış maliyyə sektoru ilə bağlı strateji yol xəritəsində bir çox əsas məqam göstərilib.
"Azərbaycanın üzən məzənnəyə keçməsi, həmin xəritədə göstərilib. Amma, reallıq onu göstərdi ki, biz üzən məzənnəyə keçə bilmirik. Biz bilirik ki, məzənnə üzən və ya təsbit olunmuş şəklində tənzimlənir, Azərbaycan manatının məzənnəsi hazırda təsbit olunub".
Ruslan Atakişili deyir ki, hazırda məzənnəmizi dövlət, AMB təsbit edib, amma real məzənnənin nə yerdə olduğunu bilmirik, bunun üçün üzən məzənnənin olması vacibdir.
"Hazırda manatın məzənnəsinin kəskin şəkildə ABŞ dolları qarşısında ucuzlaşması, gözlənilmir. Çünki, bizim məzənnəmiz təsbit olunmuş məzənnədir. Üzən məzənnə deyil ki, hər hansı bir qlobal proseslər birbaşa bizə təsir göstərə bilsin. AMB-nin valyuta ehtiyatları da yetərincədir, valyuta ehtiyatlarında kəskin azalma baş vermədiyi müddətcə, bu haqda danışmaq əhəmiyyətsizdir. Dövlət büdcəsinin təsdiqi zamanı ölkənin uzunmüddətli sosial-iqtisadi strategiyalarında da, məzənnənin sadə saxlanılması prioritet kimi götürülür".
Müsahib eyni zamanda qeyd edir ki, Azərbaycan bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasına investisiyanın cəlbində maraqlıdır.
"İnvestisiyanın cəlbini şərtləndirən məsələlərdən biri də, sabit valyutanın olmasıdır. Ona görə də, dövlət məzənnəni sabit saxlamağa çalışır ki, Azərbaycan iqtisadiyyatına sahibkarların, investorların inamı, etimadı olsun".
Ruslan Atakişilinin sözlərinə görə, yaxın zamanda Azərbaycan məzənnəsində devolvasiya və ya kəskin ucuzlaşma gözlənilmir.
Gülay Qəribova