Növbəti illərdə ölkə üzrə neft hasilatında azalmalar davam edəcək-Ekspertdən AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 14:13 08.02.2024

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkədə xam neft hasilatı 2010-cu ildəki pik həddən – 50,9 milyon tondan aşağı düşməkdədir. 2023-cü ildə bu göstərici 30,2 milyon tona enib. Bəs ötən 13 ildə neft ixracında özünü göstərən 40 faizlik azalma nə ilə bağlıdır? 

 

Bu haqda neft üzrə ekspert Zəfər Vəliyev informator.az-a açıqlama edib.

 

"Azərbaycan Dövlət Statistika Komitəsinin, eləcə də BEA, OPEC və S&P Global Ratings beynəlxalq reytinq agentliyinin hesabatlarında, qarşıdakı illərdə Azərbaycanda neft hasilatının azalacağı və qaz hasilatının artacağı proqnozlaşdırılır".

 

Ekspert bildirir ki, hökümətin proqnozuna görə, 2024-2027-ci illərdə Azərbaycanda neft hasilatı 3 milyon tondan çox azalacaq. 

 

"Belə ki, verilən proqnoza görə cari ildə ölkədə neft hasilatı 29 milyon 492.3 min ton, 2027-ci ildə isə ölkədə neft hasilatı 26 milyon 899,2 min ton olacağı bildirilir. Neft hasilatında baş verən azalmanın əsas səbəbi, mövcud neft yataqların işlənmənin son mərhələsində olması ilə bağlıdır. Yəni ki, istismarda olan mövcud neft yataqlarda hasilatın pik həddi arxada qalıb və azalma təbbi azalmadır. Məsələn, 2010-2021-ci illərdə Azərbaycanda neft hasilatı 30% azalıb".

 

Zəfər Vəliyev deyir ki, proqnozlara görə 2024-2027-ci illərdə Azərbaycanda neft hasilatında 7%÷8,8% dəhlizində azalma baş verəcək. 

 

"Baxmayaraq ki, neft hasilatında baş verən azalmanı önləmək üçün addımlar atılır. Məsələn, "Azəri-Mərkəzi-Şərqi" layihəsi. Adıçəkilən layihənin istismar müddəti ərzində gündəlik 100 min barel, ümumilikdə isə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır".

 

Ekspert qeyd edir ki, digər bir layihə cari ilin yanvar ayında AÇG yataqlar blokunun operatoru olan BP tərəfindən AÇG yataqlar blokunda beşillik 4D seysmik tədqiqata başlaması ilə bağlı dəyəri 370 milyon olan proqramdır. 

 

"Bu layihənin həyata keçirilməsində məqsəd , yatağın arxitekturası və maye kontaktının (fazalararası təmasın) dinamikası barədə ətraflı məlumat əldə etmək və növbəti onilliklər ərzində yatağın neftvermə əmsalını msksimuma çatdırmaq üçün həll yollarını müəyyənləşdirməkdir".

 

Müsahib sonda qeyd edir ki, bütün hallarda, növbəti illərdə ölkə üzrə neft hasilatında azalmalar davam edəcək.

 

Gülay Qəribova