Qaz təchizatı olan yerdə təhlükə qaçınılmazdır-Ekspertdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 17:01 08.02.2024
Azəriqaz hamamda su qızdırıcılardan istifadə olunmaması barədə xəbərdarlıq edib. 2009-cu ildə qüvvəyə minmiş ‘’Qaz təchizatı və layihələndirmə normaları’’-na əsasən su qızdırıcı cihazların vanna otaqlarına qoyulmasına yol verilmir. Nazirlər Kabinetinin 2023-cü il tarixli, 215 saylı qərarına əsasən də qazpaylayıcı ildə bir dəfə yoxlanma aparmalıdır.
Bu barədə təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev informator.az-a açıqlamasında bildirib ki, qaz cihazlarının yoxlanması təhlükəsizlik baxımından önəmlidir.
‘’Qaz cihazlarının standartlara, normativlərə uyğun olması lazımdır ki, hər hansı bədbəxt hadisə: qaz sızması, partlaması, insanların zəhərlənməsi kimi hallar baş verməsin’’.
Ekspertin sözlərinə görə, qaz təchizatı olan yerdə təhlükə qaçınılmazdır. Ona görə də qaz cihazları olan yerlərdə düzgün normativə uyğun olmalıdır.
‘’Otağın həcmi qaz cihazının işləkliyinə görə otağda havalandırma olmalıdır, qaz cihazları bir otağdan digərinə rezin borularla, qeyri-metal borularla çəkilməməlidir, qaz cihazına hər hansı kənar müdaxilə olunmamalıdır, metal borularla çəkilməlidir, tüstü bacaları təmiz olmalıdır, borularda çatlar olmamalıdır, tüstü bacaları ən azı ildə 2 dəfə təmizlənməlidir, otağlarda mütləq şəkildə havalandırma olmalıdır. Otağda havalandırma olmazsa yanma prosesi baş verər, bu qaçınılmaz hadisədir’’.
Elmar Nurəliyev vurğulayıb ki, qaz cihazları olan yerdə mütləq şəkildə qaz sızması əleyhinə və dəm qazı əleyhinə dedektivlər olmalıdır.
"Bu dedektivlər sayəsində qaz sızması olarsa, istifadəçiyə bildirişlər göndərilir, istifadəçilər də müəyyən tədbirlər görürlər".
Sevinc Yarməmmədova