Qarabağ Universitetində birinci tədris ili üçün yalnız dövlət sifarişi əsasında qəbul aparılacaq-Nazirlikdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 19:36 08.02.2024
Qarabağ Universitetində birinci tədris ilində professor-müəllim heyəti və tədqiqatçılar həm daimi əsaslarla, həm də dövri (həftəlik, aylıq, semestrlik və s.) fəaliyyət göstərə bilər.
Bu haqda Elm və Təhsil Nazirliyindən İnformator.az- a verilən məlumatda qeyd olunub.
Məlumatda bildirilir ki, bütün heyətin Universitet üçün nəzərdə tutulmuş ərazidə yerləşdirilməsi (mənzil-yataqxana təminatı) və digər xərclər qarşılanacaq.
Universitetin tələbə həyatıyla bağlı qeyd olunur ki, birinci tədris ili üçün Universitetə yalnız dövlət sifarişi əsasında (ödənişsiz) qəbul aparılması nəzərdə tutulur. Eyni zamanda tələbələrə əlavə adlı təqaüdlərin verilməsi təklif olunur.
Bütün təhsilalanların Universitet ərazisində yaşayış kompleksində mənzil tipli yataqxana ilə təmin olunacaq.
"Ali təhsil müəssisəsi klassik universitet üslubu və strukturunda müasir yanaşmaları özündə ehtiva edən, xüsusilə elmi-tədqiqat bazalı və buna əsaslanan tədrisin təşkilini özündə birləşdirəcək.
Universitet publik hüquqi şəxs olaraq tabeliyində istehsal, klinik, elmi tədqiqat, yaradıcılıq müəssisəsi və təşkilatları yaratmaqla, müxtəlif məzmunlu təşəbbüsləri-layihələri dəstəkləyən, onları ərsəyə gətirərək elm və ali təhsil sahəsində ölçüləbilən və nəticəyönümlü işlər görəcək.
Burada bütün iştirakçılar – təhsilanalar və təhsilverənlər – üçün yeni, fərqli və müasir mühitin formalaşdırılması, Universitet kampusunda bütün xidmətlərin verilməsi və elmi-tədqiqata əsaslanan yarıdıcı layihələrin dəstəkləndiyi ekosistemin qurulması hədəflənir".
Nəzrin Mirzəyeva