ABŞ analitiklərinin bu cür proqnozu əsassızdır-Politoloqdan ETİRAZ
Bölmə: Siyasət › ,Tarix: 19:50 08.02.2024
ABŞ-ın tanınmış analitik mərkəzlərindən olan Xarici Əlaqələr Şurası (Council Foreign Relations) 2024-cü ildə müharibə ehtimalı olan ərazilərin xəritəsini yayımlayıb. Amerikalı analitiklərin fikrinə görə, Azərbaycan və Ermənistan arasında yeni müharibənin başlama ehtimalı var.
Bu barədə informator.az-a açıqlamasında politoloq Murad Saddəndinov Azərbaycanla Ermənistan arasında müharibə olması ehtimalının həddindən az olduğunu söyləyib. Politoloq qeyd etdi ki, bu fikirlər ABŞ-ın mövqeyi deyil.
"ABŞ-da bir çox təşkilatlar var ki, ağıllarına nə gəlsə, danışa bilərlər. Bu baxımdan hesab edirəm ki, Azərbaycanla Ermənistanın bu il müharibə etmək ehtimalı həddindən aşağı azdır, hətta mən deyərdim ki, 0-a bərabərdir. Nə üçün? Ona görə ki, birincisi Ermənistanın Azərbaycan kimi bir ölkə ilə müharibə aparmağa hərbi, siyasi, iqtisadi imkanları yoxdur. Baxmayaraq ki, onu indi başqa dövlətlər- ola bilsin, Fransa dəstəkləyə bilər".
Siyasi ekspert bildirdi ki, Ermənistan da anlayır ki, Azərbaycanla bağlı hər hansısa bu cür addımlar onlara çox baha başa gələcək.
"Bunun əsası kimi onu göstərə bilərəm ki, Ermənistan tərəfi ardıcıl olaraq Azərbaycanın qoyduğu şərtləri yerinə yetirir: Qarabağın Azərbaycanın ərazisi olmağının rəsmi şəkildə tanınması, konstitusiyada dəyişiklik etməsi və s. Bu məsələlərin hamısı ondan ibarətdir ki, Ermənistan tərəfi Azərbaycandan qorxur və bu addımları atır.
Murad Sadəddinov eyni zamanda qeyd etdi ki, Azərbaycan rəhbəri öz bəyanatını verib ki, Azərbaycan öz ərazi bütövlüyünü azad edib və bununla əlaqədar olaraq Azərbaycanın rəsmi Ermənistan ərazisinə daxil olmaq, müharibə aparmaq fikri yoxdur.
"Azərbaycanın qarşısında bir neçə vacib məsələ durur. Bu, Qarabağda bərpa işlərini görmək, məcburi köçkünləri qaytarmaqdır. Və ondan savayı Azərbaycan bu gün böyük bir Beynəlxalq tədbir- COP29 kimi tədbirin qəbul olunmasına hazırlaşır. Bu ərəfədə hər hansısa bir silahlı hücum və yaxud müharibə getməyi barəsində bir fikir absurd fikirdir".
Ekspert sonda vurğuladı ki, bu cür proqnozun əsasları yoxdur.
"Onlar bu fikirləri piyar məqsədi və özlərinə diqqətləri cəlb etmək üçün deyirlər".
Banuçiçək Kalbalıyeva