Dünya qaz çatışmazlığı ilə üzləşəcək?-Mütəxəssis ŞƏRHİ
Bölmə: Sosial › ,Tarix: 20:59 08.02.2024
"Dünya 2025-2030-cu illərdə qaz çatışmazlığı ilə üzləşəcək".- Bunu Qətərin dövlət naziri və "QatarEnergy"-nin rəhbəri Saad əl-Kaabi deyib. Xatırladaq ki, Qətər dünyada mayeləşdirilmiş təbii qazın ən böyük istehsalçılarından biridir.
Məsələ ilə bağlı neft-qaz üzrə ekspert İlham Şaban informator.az-a açıqlamasında bildirib ki, Hindistan Enerji konfransında Qətərin rəsmisi belə bir çıxış edib, doğrudur.
"Saad əl-Kaabi bunu onunla əsaslandırıb ki, indiyə qədər Avropada ən böyük qaz təchizatçısına çevrilmiş ABŞ-da qazın hasilatı get-gedə aşağı düşəcək".
Ekspert həmçinin qeyd edir ki, ikinci bir tərəfdən, dünyanın ən böyük qaz istehsalçılarından olan Çin, yaxın 20 ildə qazın istifadəsini həm məişətdə, həm sənayedə kəskin artıracaq.
"Ona görə ki, Çində, əsasən, enerji daşıyıcısı rolunda, elektrikə çevrilməsi rolunda bir nömrəli kömürdür. Ətraf-mühitin korlanmasının qarşısını almaq üçün, o cümlədən, dekarbonizasiya məsələlərində dünyanın qaldırdığı çağırışları öz öhdəliyinə götürmək üçün get-gedə qazın həcmini artıracaq".
İlham Şaban deyir ki, qazın istehlakı çoxaldıqca, onun bazara çıxarılmasında təklif yetərincə olmayacağı üçün, bazarda qazın defisiti yaranır, buna görə də, qiyməti artmalıdır.
"Azərbaycana gəldikdə isə, Azərbaycanın hasil etdiyi qaz həcmləri böyük oyunçularla, bazarlarla müqayisədə böyük deyil".
Müsahib sonda qeyd edir ki, əgər dünya bazarında qazın defisiti yaranarsa, bu onun qiymətinin artımına gətirib çıxaracaq. Qiymətin artımı isə Azərbaycan üçün əlavə gəlir deməkdir, nə qədər olacağı isə qiymətdən asılıdır.
Gülay Qəribova