Milli iradəni isə yalnız İlham Əliyev təmsil edə bilər-Bəhruz Məhərrəmov

Bölmə: Sosial › ,
Tarix: 22:14 08.02.2024

"7 fevral seçkiləri mahiyyətcə yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhəd tamlığının, separatizmə son qoyaraq bütün ərazilərdə konstitusiya qurluşunu bərqərar etməsində ehtiva olunan yeni mərhələ deyil, həm də Azərbaycanın milli prioritetlərinə yeni baxışın müəyyənləşdiyi yeni inkişaf və tərəqqi yoludur".

 

Bu sözləri informator.az-a açıqlamasında Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Bəhruz Məhərrəmov söyləyib.

 

Deputat qeyd edib ki,1995-ci ildə Azərbaycan özünün Konstitusiyasını qəbul edərkən ali konstitusion niyyətlər müəyyən etdi, həmçinin dövlətin ali məqsədləri bəyan olundu. 

 

"Bu gün təhlil etdikdə, əminliklə deyə bilərik ki, bəyan etdiyimiz bütün niyyətləri faktiki olaraq realizə etdik və artıq həmin məsələlər üzrə prioritetlərə baxışın dəyişməsi zərurətə çevrilib. Əlbəttə, Azərbaycan Respublikası özünün ali niyyətlərini tarixi proseslərin təbii axarında realizə etməyib, təqribən 30 il davam edən ardıcıl, çoxşaxəli xarici və daxili siyasi kurs, siyasi suverenliyin tam təmin olunması, xüsusən son 20 ildə əldə olunan iqtisadi müstəqillik bizə bu istiqamətdə nəinki irəliləmək, hətta qəti nəticələr əldə etmək imkanı verib".

 

Bəhruz Məhərrəmovun sözlərinə görə, əslində 7 fevral seçkiləri Azərbaycan xalqının özünün milli oyanışında növbəti mərhələ, 1987-1993-cü il periodunun bir daha bu millət üçün təkrarlanmayacağı barədə Azərbaycan xalqının milli zəmanəti oldu.

 

"Çoxsaylı Qərb mediası və yerli uzantılarının sosial media üzərində aktiv təbliğatına baxmayaraq Azərbaycan xalqı 7 fevralda nümayiş etdirdi ki, bu ölkədə milli iradədən daha qüdrətli heç nə yoxdur. Milli iradəni isə yalnız İlham Əliyev təmsil edə bilər".

 

Deputat sonda vurğulayıb ki, seçkilərin ilk dəfə bütün ölkəni əhatə etməsi, dövlət başçımızın isə Xankəndində səs verməsi fonunda Azərbaycan xalqı Vətən müharibəsində olduğu kimi, növbədənkənar Prezident seçkilərində də birlik, bərabərlik, həmrəylik göstərməklə əslində istənilən təhdidin qarşısında qırılmaz milli əzmin dayanacağını bəyan etmiş oldu.

 

Aytac Kərimova