Uşaqlara əmzik verərkən nələrə diqqət etməliyik?-Mütəxəssis detalları AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 11:36 09.02.2024

"Əmzikdən uzun müddət istifadə dişlərin qeyri-düzgün formalaşmasına səbəb ola bilər ".

Bu sözləri informator.az-a açıqlamasında pediatr allerqoloq Xəyalə Quliyeva deyib.

 

"Əmzikdən istifadənin özünəməxsus faydaları və zərərləri var. Öncəliklə faydaları barədə danışsaq, əmzik körpəni sakitləşdirir, 1 yaşadək uşaqlarda qəfləti ölüm riskini azaldır, əmmə duyğusunu artırır, müəyyən vəziyyətlərdə narahat olan uşağa duyğusal təsir edərək onu rahatladır. Uşaq ana qarnında daima əmmə aktını icra etdiyi üçün doğulandan sonra da bunu etmək istəyir və ona görə əmziklə tanışlıqdan sonra bu duyğunu yenidən xatırlayır. Əmzikdən istifadə nəticəsində körpədə ətraf mühiti dərk etmə, tanıma duyğusunu formalaşır ki, körpənin ağzından əmzik düşdükdə əlləri ilə axtarıb tapması buna sübutdur".

 

Pediatr əmzikdən istifadənin zərərli tərəfləri barədə də məlumat verib.

 

"Əmzikdən uzun müddət istifadə diş və dişlərin çıxma prosesinin (prikus) qeyri-düzgün formalaşmasına səbəb ola bilər, nitq geriliyi yarada bilər, çünki uşağın ağzında daima əmzik olduğu üçün informasiya alar amma informasiya verməz. Əmziyin gün ərzində fasiləsiz verilməsi ananın südünə də təsir edər və süd azalar çünki süd ifrazının artması üçün əmmə aktının olması lazımdır. Əmzikdən uzun müddətli istifadə orta qulaq infeksiya riskini artırar, ağızda tez-tez stomatit yaranar".

 

Xəyalə Quliyeva əmzikdən istifadə zamanı diqqət ediləcək məqamları vurğulayıb.

 

"Uşağın əmzikdən istifadəsinə maksimum 2 yaşınadək şərait yaradın. Əmzik seçərkən ortodontik əmzik alın, əmziyi bal, mürəbbə, meyvə şirəsinə və.s batırıb uşağa verməyin. Bu hal dişlərin erkən çürüməsinə səbəb ola bilər (söhbət dişi olan uşaqlardan gedir). Əmzik yerə düşən zaman öz ağzınızda sterilləşdirməyin, əmziyi tərgitmək istəyirsizsə, bunu birdən-birə yox, yavaş-yavaş edin və son olaraq əmziyin təmizliyinə xüsusi diqqət edin çünki onlar mikrob mənbəyi ola bilər".

 

Aydan İsayeva