2024-cü ildə Azərbaycanda hiss olunan zəlzələlər qaçınılmaz olacaq-Qulam Babayev
Bölmə: Sosial › ,Tarix: 12:30 09.02.2024
Son zamanlar dünyanın bir çox ölkələrində güclü zəlzələlər baş verir. Məsələn, fevralın 6-da Mərkəzi Amerikada 6 bala yaxın, Fevralın 7-də isə Əfqanıstanda 4,9 bal gücündə zəlzələ baş verib. Nəzərə alsaq ki, son günlər qonşu ölkələrdə təbii hadisələr tez-tez olur və Azərbaycanda da zəif zəlzələlər qeydə alınır, bu istiqamətdə narahatlıqlar yaranır. Bir neçə ay ərzində müxtəlif bölgələrdə baş verən zəlzələlər insanlarda təşviş yaradıb.
Bəs bu il Azərbaycanda güclü və ya hiss edilən zəlzələlərin baş verməsi mümkündür?
Bu haqda seysmoloq Qulam Babayev informator.az-a açıqlama edib:
"Bu il Azərbaycanda güclü və ya hiss edilən zəlzələlərin baş verməsi mümkündür. 2023-cü ildə baş verən seysmik və tektonik aktivlikləri təhlil etməklə, həmçinin qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra mən müsahibələrimdə qeyd etdim ki, 2023-cü il seysmik və tektonik aktivliklərlə yadda qalacaq".
Seysmoloq bildirir ki, bunun səbəbi dünya miqyasında aktiv olmayan ocaqların oyanmasıdır, hətta Xəzər dənizindəki, Talış ərazisindəki seysmik ocaqlar aktivləşib.
"2023-cü ildə bir neçə hiss olunan zəlzələ qeydə alındı. Zəlzələlər hiss olunan, hiss olunmayan, güclü, dağıdıcı və katastrofik zəlzələlərə bölünür. Hiss olummayan zəlzələlər gün ərzində dünyada da, Azərbaycanda da dəfələrlə baş verir. İnsan bunu hiss etmir, fəqət bu zəlzələlər seysmik cihazlar tərəfindən qeydə alınır".
Qulam Babayev vurğulayır ki, 2023-cü ilin seysmik və tektonik aktivliyini, bir neçə seysmik təhlükənin ehtimal qiymətləndirilməsini, təhlilini, analizlərini nəzərə alaraq, 2024-cü ildə də seysmik və tektonik aktivliyin davam edəcəyini demək olar.
"Azərbaycanda bir neçə seysmik, tektonik aktiv ocaqlar mövcuddur. Zaqatala, Şəki, Oğuz, Quba, Şabran ərazilərində, həmçinin Şamaxı, İsmayıllı, Talış zonası, Naxçıvan ərazisində, Gəncə ətrafı və Xəzər dənizinin seysmik ocaqlarında da Abşeron yarımadası və Bakı üçün bir növ seysmik təhlükə olduğunu deyə bilərik. 2024-cü ildə də bu ocaqların aktivliyi müşahidə olunacaq".
Müsahib qeyd edir ki, 2024-cü ildə Azərbaycanda hiss olunan zəlzələlər qaçınılmaz olacaq.
"Biz 19 yanvarda gördük ki, Aran zonasında zəlzələ baş verdi və bir neçə rayonlarda bu qeydə alındı. Aran zonası qonşu zonalarla müqayisədə nisbətən sakit seysmik zona sayılır lakin biz gördük ki, bu ərazidə də zəlzələ baş verir. 2024-cü ildə Azərbaycanda hiss olunan zəlzələlərdən qaçmaq mümkün olmayacaq. Hiss olunan zəlzələlər əsasən, 4.5, 5.3, 5.5 gücündə olur. Dünya miqyasında seysmik və tektonik aktivlik davam edəcək".
Gülay Qəribova