Vergi sahəsində beynəlxalq qiymətləndirici ekspertlər Bakda səfərdədir-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 15:03 09.02.2024

"Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum"un qiymətləndirici ekspertlər qrupu yeni qiymətləndirmə mərhələsi çərçivəsində Bakıya səfər edib.

 

Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin mətbuat katibi Şahin Məmmədov informator.az-a açıqlama verib. Mətbuat katibi qeyd edir ki, məlum olduğu kimi, Azərbaycan Respublikası "Vergi məqsədləri üçün şəffaflıq və məlumat mubadiləsi üzrə Qlobal Forum"a üzv olmaqla "Şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirmə prosesi"ndə iştirak öhdəliyini öz üzərinə götürüb.

 

"Qlobal Forum üzv ölkələrdə vergi məlumatlarının mütəmadi olaraq digər ölkələrlə mübadiləsinin beynəlxalq standartlara uyğunluğu səviyyəsinin qiymətləndirilməsini həyata keçirir. Qiymətləndirmə prosesi çərçivəsində mövcud normativ-hüquqi bazanın beynəlxalq standartlara uyğunluğu və təcrübədə tətbiqi səviyyəsi qiymətləndirilir. Nəticədə, ölkənin məlumat mübadiləsi sisteminin beynəlxalq tələblərə uyğunluğu müvafiq reytinq balı ilə dəyərləndirilir. Azərbaycan Respublikası üzrə qiymətləndirmənin birinci mərhələsi 2016-cı ildə başa çatıb və dərc edilmiş ölkə hesabatına əsasən ölkəmiz yüksək reytinq balı ilə qiymətləndirilib".

 

Şahin Məmmədov bildirib ki, hazırda Qlobal Forum respublikamız üzrə qiymətləndirmənin yeni mərhələsinə başlayıb, 2023-cü ilin sentyabr ayında start verilmiş proses çarçivəsində Qlobal Forumun qiymətləndirici ekspertlər qrupu Bakıya səfərə gəlib. 

 

"Ekspertlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində görüşlər keçirir. Dövlət Vergi Xidmətinin rais müavini İlkin Vəliyev ekspertlər qrupu ilə görüşüb, onları maraqlandıran məsələlər barədə məlumat verib. Qiymətləndirmə prosesi çərçivəsində ekspertlərin digər dövlət qurumları və öhdəlik daşıyan şəxslərlə görüşləri nəzərdə tutulur".

 

Mətbuat katibi əlavə edib ki, qiymətləndirmə prosesi çərçivəsində ölkədə sahiblik (hüquqi va benefisiar), mühasibat uçotu və bank məlumatlarının, sənədlərinin mövcudluğu və aktuallığı, vergi orqanlarının həmin məlumatların əldə edilməsi, hüquqları, beynəlxalq mübadilə üçün mövcud olan mexanizmlər kimi elementlər yoxlanılır. 

 

Qeyd edək ki, yekun reytingin 2024-cu ilin sonunda təsdiqi gözlənilir.

 

Təhminə Abdurəhimova