Respublika əlaçısı- Məryəm Abdullazadə

Bölmə: Sosial › ,
Tarix: 15:33 09.02.2024

Bildiyimiz kimi, ali təhsil müəssisələrində yanvar ayında imtahan sessiyası keçirildi.
Tələbələrin imtahanlardan qazandıqları nəticələr əsasında ÜOMG balları hesablanır və müvafiq olaraq təqaüdləri müəyyənləşdirilir.
İmtahan sessiyasında yüksək nəticə toplayan tələbələrdən biri də Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin II kurs tələbəsi Məryəm Abdullazadədir. 

 

Məryəm Abdullazadə  yanvar ayındakı imtahanlardan uğurlu nəticə toplayaraq Respublika əlaçılarından biri sayılır, onun ÜOMG balı 98.53-dür.

 

İngilis bölməsində təhsil alan Məryəm uğurunun sirrini, imtahana hazırlaşma prosesini informator.az- la bölüşüb:

 

"Məlum məsələdir ki, Azərbaycan tələbələrinin ən çox stress yaşadığı aylar imtahan sessiyaları ayları, yanvar və iyundur. Ancaq mənim üçün yanvar ayında imtahana hazırlaşmaq daha çətin idi, bunun xüsusi  səbəbi də bu idi ki, bu semestr əzbər tələb edən fənlərim çox olduğu üçün məsuliyyətim və stressim iki qat artdı. Universitetdə ikinci ilim olduğu üçün daha təcrübəli idim, amma əlbəttə, təcrübə kifayət etmir".

 

Məryəm deyir ki, o, hazırlaşdığı 6 fənni özü üçün iki hissəyə ayırıb.

 

"Belə ki, birinci hissədə "Mülki müdafiə" , " Görkəmli Azərbaycan publisistləri", " Azərbaycan Respublikasının Konstitusiyası və Hüququn Əsasları" fənləri, ikinci hissədə isə "İxtisas yönümlü xarici dil", "Radio jurnalistika"  və " Analitik jurnalistika" idi. İkinci hissə mənim üçün daha yüngül idi, çünki ötən ildən məlumat bazam var idi, lakin digər fənlərdən ilk olduğu üçün heç bir məlumatım yox idi.

İlk imtahanım " Mülki Müdafiə" idi. Bu imtahan üçün semestrın əvvəllərindən hazırlaşmağa başlayırdım ki, imtahana hazırlaşanda çox da çətin olmasın. Həftələr əvvəl hazırlaşmağımın səbəbi bu idi ki, məndən yuxarı kurslar  "Mülki müdafiə" imtahanının çətin olduğunu, əzbər tələb etdiyini bildirdilər və beynimi də psixoloji cəhətdən yükləməmək üçün öncədən hazırlaşdım.  " Mülki müdafiə" imtahanından sonrakı imtahanlar arasında müddət az olduğu üçün sistemli hazırlaşırdım. Ümumilikdə, çox rejimlə, proqramla işləyən biri olmasam da, bu semestr planlı oxumaqdan başqa çarəm yox idi".

 

Müsahib heç bir tələbəyə imtahana hazırlaşmaq barəsində tövsiyə vermir, çünki o, düşünür ki, bu hər kəsin öyrənmə qabiliyyətindən, istəyindən asılıdır.

 

"Mən özüm də nə qədər sistem qursam da, arada bu sistemi pozurdum. Yəni hər tələbənin öz rejimi var, hər kəs müxtəlif situasiyada hazırlaşır.

Vurğulamaq istəyirəm ki, bizdə tədris ingilis dilində olduğu üçün hazırlaşdığım fənnin  mövzusunu həm Azərbaycan dilində, həm də ingilis dilində öyrənməyə məcbur idim. Burada əsas məsələ ingilis dilli sözlər idi, məsələn, "Mülki müdafiə" fənnində terminologiya  çox  olduğu üçün bunları da ingilis dilində öyrənirdim, əks təqdirdə imtahanda yazmağım qeyri- mümkün olardı".

 

Tələbə bildirir ki, o , imtahan sessiyasına bir ay kimi, müəyyən müddət kimi baxmır,  bu ərəfədə nələr əldə edəcəyinə baxır.

 

 

"Çünki tədris ingilis dilində olduğu üçün yeni sözlər öyrənməyə, onların mənasını bilməyə diqqət edirəm.  Bəzən elə sözlər olur ki, özüm də bilmədən C1, C2  səviyyəsində sözlər əzbərləyirəm. Buna görə də  imtahan sessiyası stressli dönəm olmaqla yanaşı, əldə etdiyim müəyyən biliklər, uğurlar olduğu üçün mənim üçün fərqli bir dövrdür.
Dediyim kimi, dil biliyim də inkişaf etdiyi üçün bu ayı hərtərəfli dövr kimi qiymətləndirirəm".

 

Qeyd edək ki, Məryəm Abdullazadə 2022-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə 535.3 balla qəbul olaraq fakültə birincisi olub.


Nəzrin Mirzəyeva