Xaricdə təhsil Azərbaycandakı təhsildən hansı xüsusiyyətlərinə görə fərqlənir?

Bölmə: Sosial › ,
Tarix: 18:31 09.02.2024

Bir çox gənclər həm bakalavr, həm də magistr təhsili üçün xaricdə oxumağa üstünlük verirlər. Xaricdə təhsil Azərbaycandakı təhsildən hansı xüsusiyyətlərinə görə fərqlənir? Hansı daha üstündür?

 

Bu mövzuda təhsil eksperti Qoşqar Məhərrəmov ilə həmsöhbət olduq. 

 

“Dünyada universitetlərin reytinq sıralanması var.  Həmin reytinq sıralanmasında ilk 500-də olan universitetlərin hamısı Azərbaycanın əksər universitetlərindən yaxşıdır. Bu universitetlər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə olur. Məsələn, Afrika, Çin, Hindistan, Yaponiyada ola bilər”.

 

Ekspert deyir ki, yaxşı universitetlərdə daha çox tədqiqat var, tədrisin, təlimin keyfiyyəti daha effektivdir.

 

“Tələbələrin sosiallaşması üçün daha yaxşı mühit var. Tələbələrin məzun olduqdan sonra iş tapa bilmə imkanı yüksəkdir. Universitetlər bazarın tələbinə uyğun tələbə, yəni kadr yetişdirə bilir. Bu xüsusiyyətlər universitetin keyfiyyətinə müsbət mənada təsir edir”. 

 

Ekspert vurğulayır ki, Azərbaycanda universitetlərin bir qismi xaricdəki bir çox universitetlərlə elə səsləşir. Lakin Azərbaycanda unuversitetlərdə idarəetmə və menecmentdə problemlər var. Bu problemlər yeni maliyyə mənbələrinin yaranmamasına təsir edir. 

 

“Universitetlərdə maliyyə mənbəyi zəifdirsə,  ortabab və aşağı səviyyəli, az maaşa razı olan kadrlarla iş aparılmalı olur. O zaman həmin professor-müəllim heyətinin də tələbəyə aktual, günün tələbinə uyğun məlumat, bilgi və təcrübə vermək ehtimalı azdır. Ona görə də tədrisin və təlimin keyfiyyəti aşağı düşür”.

 

Sayad Qoşnalıyeva