Dövlət məktəbi yoxsa özəl məktəb-lisey? -Ekspertdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 17:10 12.02.2024
Bəzən valideynlər övladlarının daha keyfiyyətli təhsil alması üçün özəl məktəblərə üz tuturlar, onlar bu təhsil müəssisələrinin daha yaxşı, keyfiyyətli olduğunu düşünürlər.
Lakin bu hər valideynin büdcəsinə uyğun deyil, araşdırmalarımıza görə, özəl məktəb- liseylərdə illik ödəniş 3500- 20000 manat təşkil edir.
Maraqlıdır ki, dövlət məktəbləri və özəl məktəb- liseylər arasında nə dərəcə fərqlər var?
Təhsil eksperti Rizvan Fikrətoğlu bu məsələ ilə bağlı informator.az-a açıqlama edib.
Ekspert qeyd edir ki, özəl məktəb- liseylərdə ödəniş haqqının yüksək olmasının səbəbi liseydə hər şeyin yüksək səviyyədə olmasıdır.
"Özəl məktəb liseylərdə illik ödəniş haqqı hər il daha da artır. Çünki özəl məktəb- liseylər daha yaxşı müəllim cəlb etmək üçün müəllim maaşlarını yüksək səviyyədə qoyur, həmçinin özəl liseylərdə bütün ləvazimatlar, avadanlıqlar yeni və keyfiyyətli olur. Hər şeyin yüksək səviyyədə olduğu özəl məktəb- liseydə illik ödənişin yüksək olması normal bir haldır".
Rizvan Fikrətoğlu əlavə edir ki, dövlət məktəbləri ilə özəl məktəb-liseylərin arasında təhsil fərqi də böyükdür.
"Özəl məktəb-liseylərdə təhsil daha yüksəkdir. Çünki özəl məktəb liseylərdə infrasturuktura, nəzarətə daha çox önəm verilir. Özəl məktəb liseylər dövlət məktəblərindən fərqli olaraq nəticəyə fokuslanır. Yəni təhsil alan şagirdlər istər elm və təhsili ,istərsə də digər bacarıqları ilə fərqlənirlər. Burada əsas keyfiyyətdir. Təbii ki, bu keyfiyyətin yüksək olması üçün xidmət haqlarıda yüksək olmalıdır".
Zeynəb Mustafazadə