Qeydiyyat məsələləri artıq necə həll olunur? -AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 19:11 12.02.2024
Bakıda insanların qeydiyyatı ilə bağlı problemlər illərdir ki, bitmir. Ötən ildən daimi qeydiyyatı olmayanlar qanuna uyğun olaraq cərimələnsə də, bu problemin həlli yolu deyil. Çünki paytaxtda sənədsiz evlərin çox olması, "kupça”sız yeni tikililər, müqaviləsiz verilən kirayə evlər vəziyyəti qəlizləşdirir. Məlumdur ki, bir neçə il öncəsinə qədər, Bakıda yaşayan vətəndaşlar yaşadığı əraziyə məsul olan polis orqanlarında qeydiyyata düşə bilirdilər. Ötən ilin yanvar ayından etibarən, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vaxtilə polis orqanlarında qeydiyyata düşmüş vətəndaşların əksəriyyəti qeydiyyatdan çıxarılıb.
Bəs hazırkı vəziyyət necədir?
Vətəndaşın qeydiyyat məsələsi necə həll olunmalıdır? Bakıda işləyib sənədsiz evlərdə, yaxud kirayə mənzillərdə məskunlaşan əhali nə etməlidir?
Bu haqda əmlak eksperti Elnur Fərzeliyev informator.az-a açıqlama edib.
"Bu məsələ öz həllini tapıb. Artıq qeydiyyatı olmayan vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər".
Ekspert bildirir ki, hətta evinin çıxarışı olmayanlar belə əlində olan müvafiq sənədləri təqdim edir, araşdırma aparılır, araşdırma yekunlaşdıqdan sonra həmin vətəndaş müvafiq qaydada qeydiyyata alınır.
"Əgər vətəndaşın heç bir əmlakı yoxdursa, yenə "ASAN xidmət" mərkəzinə müraciət edir, araşdırma aparılır, araşdırma yekunlaşdıqdan sonra vətəndaş ərazi üzrə polis şöbəsinə qeydiyyata alınır”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə əsasən, bildirilir ki, vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər. Qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır. Daxili İşlər Nazirliyi vətəndaşların bütün müraciətlərini diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülməsini təmin edir.
Gülay Qəribova