Yuxu problemi niyə yaranır?-Nevroloq AÇIQLADI
Bölmə: Sosial › ,Tarix: 19:32 12.02.2024
"Yuxusuzluq çox xəstəliklərin vaxtından gec sağalmasına, xəstəliyin ağırlaşmasına və hətta hər-hansı bir xəstəliyin yaranmasına səbəb ola bilər".
Bu sözləri informator.az-a açıqlamasında Nevroloq-refleksoterapevt Ülviyyə Səlimova söyləyib. Nevroloq yuxuya mənfi təsir göstərən amilləri qeyd edib.
"Yuxuya mənfi təsir göstərən amillər bunlardır: əhval-ruhiyyə pozulmaları, daxili narahatlıqlar, təşviş pozuntuları, depressiya, baş ağrılarının xüsusi növləri, miqren ağrıları ,arterial təzyiq,xroniki ağrı sendromları və.s. Bütün bunlar yuxunun keyfiyyətinə təsir edən faktorlardır".
Ülviyyə Səlimova insanların düzgün yuxu rejiminə riayət etmədiyini bildirib.
"Bəzən insanlar özləri düzgün yuxu rejiminə riayət etmir ona görə də yuxu rejimi pozulması yaranır və bunu pasientlər özləri bilmədən yaradırlar. Məsələn, yatmadan öncə televizora baxmaq yaxud telefondan istifadə etmək, yatağa girəndən sonra telefonda çox vaxt keçirmək bütün bunlar yuxu prosesinə mənfi təsir göstərir və yuxusuzluq əmələ gəlir. Yuxu beynin detoks olması və artıq informasiyadan təmizlənməsi üçün vacib prosesdir. Normal 7-8 saatlıq keyfiyyətli yuxu insanın sağlam və gümrah olması üçün çox vacibdir. Nəzərə almaq lazımdır ki, yuxusuzluq bir çox xəstəliklərin sağalmasına, ağırlaşmasına və hətta yaranmasına səbəb olur".
Nevroloq vurğulayıb ki, yuxu rejimini qaydaya salmaq üçün yuxusuzluğa səbəb olan faktorları araşdırmaq lazımdır.
"Bu problemin qarşını almaq üçün yuxusuzluğa gətirib çıxaran faktorları aradan götürmək lazımdır. Əgər yuxusuzluq problemi pasientdə hər-hansı xəstəliyə görə yaranmayıbsa, o zaman sadəcə yuxu rejimini düzəltmək lazımdır. Yatmazdan əvvəl ilıq süd içmək, kitab oxumaq , təmiz havada gəzmək və.s yuxuya müsbət təsir göstərən amillərdir".
Aydan İsayeva