Amerikanın silah yardımı prosesi alovlandıran bir məqamdır-Mübariz Göyüşlü
Bölmə: Siyasət › ,Tarix: 21:16 12.02.2024
"ABŞ rəhbərliyinin diqqətinə çatdırırıq: Əgər hərbi əməliyyatları həqiqətən də dayandırmaq istəyirsinizsə, silah göndərilməsinə son qoymalısınız. Belə olduğu halda, hər şey bir neçə həftə ərzində başa çatacaq". Bu sözləri Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalistlərə müsahibəsində söyləyib.
Putinin fikirlərini informator.az-a açıqlamasında şərh edən siyasi şərhçi Mübariz Göyüşlü bildirir ki, Putin məsələnin əsas mahiyyətini qoyub, başqa bir tərəfdən mövzuya yanaşıb.
"Əvvəla onu qeyd etmək lazımdır ki, Rusiya və Putin başqa bir suveren ölkənin BMT tərəfindən tanınan sərhədlərini pozub, ərazisini işğal edib, dinc sakinlərini öldürüb, xəsarət yetirərək mülki obyektləri, yaşayış binalarını darmadağın edib və bunlar da qəbuledilməzdir".
Şərhçinin fikrincə, təbii ki, proseslərin bu həddə gəlib çatmasında yarı faiz günahkar Rusiyadırsa, digər yarısı isə Amerika başda olmaqla, kollektiv Qərbdir.
"Hər iki tərəf Ukraynanı bir-birinə qarşı mübarizədə istifadə edirlər. Belə ki, kollektiv Qərb situasiyanın bu həddə gəlib çatmasında, Zelenskiyə ümid verib, Ukrayna xalqına təsir etməklə nail ola bildilər".
Mübariz Göyüşlü qeyd edir ki, Amerikanın silah yardımı prosesi qızışdıran bir məqamdır, lakin məsələni əsas qızışdıran Rusiyanın bu əraziləri işğal etməsi, bununla bağlı addımlar atmasıdır ki, Amerikanın silah verməsilə bu daha da alovlanıb.
"Əslində, Amerikanın silah verməsi nəyisə həll etmir, yəni Ukrayna o qədər müqavimət göstərə bilmir ki, Rusiyanı məğlub edib, öz ərazisindən təmizləyə bilsin. Bu müddətdən sonra silah yardımı dayandırılsa, Rusiya artıq Kiyevi də tutacaq. Rusiya bu yardım dayanacağı müddətdə belə davam edəcəyi üçün məsələ bu qədər gərgin vəziyyətə gəlib".
Siyasi şərhçi sonda əlavə edir ki, istənilən halda, tərəflər atəşkəs elan etməli, danışıqlar masası arxasına keçməlidirlər.
"Hesab edirəm ki, danışıqların ilkin mərhələsində müharibə başlamazdan öncə Rusiya Ukraynanın hansı ərazisində idisə, ora çəkilməli, daha sonra isə müəyyən proseslərlə məsələyə həll yolu tapılmalıdır".
Aytac Kərimova