Bayden səs toplamaq üçün seçki öncəsi Rusiya vasitəsilə hər kəsə hədə-qorxu gəlir-Ramiyə Məmmədova

Bölmə: Siyasət › ,
Tarix: 21:41 12.02.2024

"Biz Rusiya ilə müharibəyə hazır olmalıyıq"- bu sözləri Norveçin müdafiə naziri Byorn Arild Qram qeyd edib.

 

"Biz Rusiyanın Finlandiya və İsveçin NATO-ya qoşulmasına cavab olaraq addım atmasına və vəziyyəti daha da gərginləşdirməsinə hazır olmalıyıq",-deyə o bildirib.

 

Həmçinin nazir deyib ki,  Rusiya təhlükəsi uzun müddət aradan qalxmayacaq. Avropa buna hazır olmalıdır.

 

İnformator.az-a açıqlaması zamanı B.A Qramın sözlərinə münasibət bildirən politoloq Ramiyə Məmmədova Rusiya- Norveç münasibətləri və burada Qərbin rolu barədə də danışıb.


Siyasi şərhçi qeyd edir ki, başda Amerika olmaqla  bütün Qərb dövlətləri Rusiyaya qarşı böyük birlik içindədirlər, yəni Rusiyanın  tamamilə dağılıb, federativ ştatlara bölünməsi və yaxud onun yerinə kiçik dövlətlərin yaranması həmləsini uzun illərdir aparırlar.

 

"Geopolitik baxımdan götürsək, bu gün Amerika uzun müddətdir- SSRİ dağıldıqdan sonra bu məsələdə birqütblü siyasət yürüdür və bu siyasətə o qədər öyrəşib ki, indi çoxqütblü siyasəti qəbul etmək istəmir.  O, bu gün təkqütblü deyil, artıq bir çox dövlətlər var ki, geopolitik baxımdan öz güclərini göstərməyə  və özlərinin siyasətlərini yürütməyə başlayıblar, bu dövlətlərdən biri də Rusiyadır, təbii ki, Qərb də bunu qəbul etmək istəmir".

 

Müsahib əlavə edir ki,  Rusiyanın Ukraynaya girib müharibə etməsiylə  bütün Qərb   Rusiyanın bu gün  böyük təhlükə kəsb etdiyini, onu tamamilə məhv etmək lazım olduğunu düşündü.

 

"Təbii ki, Rusiya böyük dövlətdir və 30 illik Qarabağ müharibəsi, 20 Yanvar  hadisələrini nəzərə alsaq,  Rusiyanın öz siyasətini müstəmləkəsi olan dövlətlərdə də yaratdığını görərik. Bu, Ukraynada da eyni qaydadadır. Ancaq burada bir məsələ var ki, Rusiyanın NATO-nun genişlənməməsi fikri, bu, Rusiyaya verilən bir söz kimi var. Qərb onu genişləndirməyə başladıqca  Rusiya Ukrayna ilə müharibəyə başladı.

Müharibəyə başladıqdan sonra Rusiyanın  digər dövlətlərə verdiyi ismarıclar onun maraqlarına toxunan hər kəsə cavab verə biləcəyi mənasında idi. Bu da xüsusilə, Qərb dövlətləri və Skandinav dövlətlərinə aid idi, Skandinav dövlətləri bu gün Rusiya ilə ən yaxın dövlətlərdəndir, çünki onun bu dövlətlərlə həm sudan, həm də qurudan bağlantısı var".


Ramiyə Məmmədova Rusiya ilə Norveçin siyasi münasibətlərinin tarixi və hal-hazırda yaranan vəziyyət barədə də açıqlama edib:

 

"Norveç - Rusiya münasibətləri diplomatik baxımdan heç vaxt gərgin olmayıb, ancaq siyasi və torpaq, delimitasiya baxımından Norveçlə Rusiya arasında problemlər olub.  Çünki Barents dənizi üzərindən olan delimitasiyaya gəldikdə hər zaman problemlər yaranıb, Norveç və Rusiya bu  dənizdə axtarışlar aparırdılar, oradakı gəmilərin gediş- gəlişi iki dövlət arasında problemlər yaradırdı. 2010-cu ildə bu məsələ Norveçin xeyrinə tamamilə həll oldu.

2014-cü ildə  isə Norveç-Rusiya münasibətləri daha da gərginləşməyə başladı, çünki Norveç  Qərbin, Amerikanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşuldu, bundan sonra Rusiya Norveçin bir çox  malına imtina qoydu, Norveçdən gələn məhsullar Rusiya bazarına girə bilmədi, bu bazar isə Norveç üçün önəmli idi. Bu gərgin münasibətlər hələ də davam edir, bu da Norveçin Rusiyaya sərhəd yaxınlığının olmasıyla bağlıdır. İsveçrə və Finlandiyanın NATO- ya daxil olması NATO-nun Rusiyanın sərhədlərinə birbaşa, daha yaxın olması deməkdir. Ona görə də bu gün Norveç Rusiyanın NATO-nun yaxınlaşmasıyla bağlı hər hansı bir dövlətə müdaxilə edə biləcəyi ilə bağlı bəyanatlar verir".

 

Müsahib deyir ki, Norveç  NATO-ya daxil deyil, ancaq buna baxmayaraq indidən öz iddialarını göstərir.

 

"Rusiyanın bu məsələdə müharibə edə biləcəyi fikri gülüncdür, çünki gördüyümüz kimi Rusiya bu gün NATO-ya qarşı nə İsveçrəyə, nə Finlandiya, nə də Norveçə girmək fikrində deyil. Çünki o, Ukraynada apardığı müharibə zamanı maddi, iqtisadi baxımdan zəifləyib, sanksiyalar da ona müəyyən qədər təsir göstərib. Ancaq bunu da qeyd etmək lazımdır ki, yenə də Rusiyanın iqtisadiyyatını tamamilə bitirə bilmədilər, onun  də son 4 ildə iqtisadi göstəriciləri hələ də yüksəkdir. O dövlətlərin hər biri bu gün Rusiyanın qazına, neftinə möhtacdır".

 

Qərblə Rusiya birbaşa müharibəyə başlaya bilərmi?

 

"Təbii ki, Amerika NATO-nu böyütməyə,  dövlətlər arasındakı münasibətləri Şərqdə etdiyi kimi gərginləşdirməyə çalışır. 

Qərblə Rusiyanın birbaşa müharibəsi isə bu gün gözlənilmir. Norveç və Rusiya münasibətində isə hər iki ölkə də yaxşı münasibətlər qurmağa məcburdur. Nəzərə almaq lazımdır ki, Rusiya dünyanın ikinci, üçüncü böyük bazarıdır, buna görə də o dövlətlər də Rusiya ilə yaxşı  münasibətə girməyə məcburdurlar. Ona görə də bu gün belə müharibə görünmür".

 

Ramiyə Məmmədova sonda deyir ki, bunlar sadəcə Amerikanın vasitəsilə olan bəyanatlardır.

 

"Çünki Bayden səs toplamaq üçün seçki öncəsi Rusiya vasitəsilə hər kəsə hədə-qorxu gəlir, Rusiyadan qorunmaqla səs toplamaq istəyir".

 

Nəzrin Mirzəyeva