Polietilen torbaların ödənişli olması nəyi dəyişdi?
Bölmə: Sosial › ,Tarix: 13:16 13.02.2024
Qalınlığı 15-50 mikron olan polietilen torbalar artıq bir ildir ki, əhaliyə 3-5 qəpik qarşılığında verilir. Yəni ödənişlidir. Bu qanun tətbiq ediləndə məqsəd belə daşıma vasitələrinə marağı azaltmaq, ekologiyanın çirklənməsinin qarşısını almaq idi. Bəs nə dəyişdi?
Ekspertlərin fikrincə ötən ildən bu yana azalmalar əldə olunub. Lakin birdəfəlik nəticə almaq üçün digər üsullara da əl atmaq lazımdır. BDU-nun kafedra müdiri Emin Ələkbərli bildirdi ki, çox böyük nəticələr əldə edilməyib, amma nəticə var.
"Fikir versəniz, marketlərdə artıq əvvəlki kimi ehtiyac oldu-olmadı əl atıb paket götürənlər azalıblar, demək olar yoxdular artıq almırlar. Tam nəticə, yüksək nəticələr almaq üçün öncə təbliğ təşviq məsələlərinə daha ciddi yanaşmalıyıq, təkrar emal deyə bir proses var. Deyək ki, marketdə həmin o paketlə yan yana polietilen paketlə yan yana kağız paketlər qoyula bilər və deyək ki, hansısa bir reklamlar etmək lazımdır polietilenin üzərinə bir yazı yazmaq, şəkil qoymaq lazımdır ki, məsələn ətraf mühitimizi təmiz saxlayaq".
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirildi ki, aparılan maarifləndirmə tədbirləri nəticəsiz qalmayıb. Son bir ildə gözlə görüləcək dərəcədə azalma müşahidə olunub.
AİBNDX-nin şöbə müdiri Yusif Tapdıqlı qeyd etdi ki, aparılmış maarifləndirmə tədbirləri nəticəsində ölkə ərazisində demək olar bütün ticarət obyektlərində qanunvericiliyin tələbinin tətbiqinə nail olunub.
"Polietilen torbaların satışında əhəmiyyətli dərəcədə azalmalar müşahidə olunur. Bu təqribən 50%ə qədər azalmalar deməkdir. Eyni zamanda bir nüansı da nəzərə almaq lazımdır ki, bu azalmalar həmin qanunvericiliyin qüvvəyə mindiyi dövrdən indiki dövrə qədər ticarət dövriyyəsinin artmasına baxmayaraq, ticarət şəbəkəsinin sayının artmasına baxmayaraq, istehlak bazarının həcminin böyüməsinə baxmayaraq bu fonda müşahidə olunur, bu o deməkdir ki, əslində əvvəlki dövrlə müqayisədə real həcmdə daha çoxdur".
Qeyd edək ki, qalınlığı 15 mikrondan az olan polietilen torbaların satışı qadağandır. Qalınlığı 15-50 mikron arası olan torbaların satışında isə get gedə azalmalar müşahidə olunur. Bu hal davam edərsə, ətraf mühitin təmizliyinə nail olmaq üçün az müddət lazım olacaq.