Əcnəbi diplomlar ölkəmizdə hansı dərəcədə tanınır ?-Ekspert AÇIQLADI

Bölmə: Sosial › ,
Tarix: 14:32 13.02.2024

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yanvar ayı üzrə 626 müraciətçinin 531-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bildirilib ki, dövlət nümunəli olmayan diplom üzrə 8, təhsil forması üzrə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 5, bakalavr diplomu üzrə imtina verilməsi səbəbi ilə 1, tədris yükü üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

 

Eyni hal xaricdən Azərbaycana təhsil üçün gəlmiş tələbələrdə də müşahidə edilirmi ?

 

Diplomu tanınmayan tələbələr üçün dövlət hansı tədbirləri görür ?

 

Məsələylə bağlı təhsil eksperti Elçin Süleymanov informator.az-a açıqlama edib:

 

"Ali təhsildə diplomların tanınması ölkələrin qanunvericiliyinə əsasən müəyyənləşir. Təbii ki, Azərbaycan da xaricdəki təhsilin keyfiyyətinə nəzarət etmək və diplomların tanınması üçün öz yerli hüquq rejminə tətbiq etmək hüququnu özündə saxlayır. Bununla əlaqədar hazır diplomların tanınmayacağı söylənilir. Təhsil alınan universitetin öz ölkəsi tərəfindən tanınmaması  və bunu kimi səbəblərlə diplomlar tanınmır, tanınmaqdan imtina edilir. Eyni zamanda şəxsin o ölkədə oxumasına yaranan şüphələr, təhsil aldığı dili bilməməsi imtina səbəblərindəndir".

 

Ekspert bildirir ki, eyni hal Azərbaycanda təhsil alan əcnəbilər öz ölkəsinə dönərkən yaşanır.

 

"Azərbaycanda müstəqilliyin ilk illərində müəyyən ali təhsil sahəsində problem yaşansa da, hal-hazırda fəaliyyət göstərən universitetlər demək olar ki, hamısı fəaldır və dövlət tərəfindən tanınır. Dolayısıyla burda təhsil  alan tələbələr normal prosedur daxilində oxuyubsa, onların diplomlarının tanınmasında ciddi bir problem olmaz. Amma hər ölkənin öz qanunvericiliyi var. Azərbaycan üçün onu deyək ki, Azərbaycana əcnəbilər gələrkən Elm və Təhsil Nazirliyi onların ölkədə təhsil almasına razılıq verir. Elm və Təhsil Nazirliyi ilə yanaşı Miqrasiya da razılaşır və şəxsə tələbə vizası verilir".

 

Müsahib nəzərə çatdırır ki, Azərbaycandakı təhsil tamamilə leqaldır yəni, burada qaçaq universitet fəaliyyəti yoxdur.

 

"Leqal olaraq universitetlərdə mərkəzi sistem var, bütün tələbələr, onların fəaliyyəti Elm və Təhsil Nazirliyinin elektron informasiya sisteminə daxil olur. İstənilən ölkə Azərbaycanda təhsil aldığı vətəndaşının təhsil fəaliyyətini Azərbaycandan tələb edə bilər. Buna görə də Azərbaycanda təhsil alan əcnəbilər üçün ciddi bir problem yoxdur. Amma, müəyyən ölkələr var ki, orda qaçaq universitetlər var. Onların diplomlarının digər ölkələrdə tanınması mümkün deyil".

 

Elçin Süleymanov sonda  qeyd edir ki, Azərbaycan vətəndaşı xaricdə təhsil almaq istəyərsə, oxuyacağı universitetin akertasiyası, ali təhsil vermə hüququnun olub -olmaması, həmin universitetin öz ölkəsində diplomunun  tanınıb-tanınmaması araşdırmalı, daha sonra qərarını verməlidir.

 

Azər Abuşov