Abituriyentlər imtahan həyəcanı ilə necə mübarizə aparmalıdırlar?

Bölmə: Sosial › ,
Tarix: 14:37 13.02.2024

Buraxılış imtahanlarının keçirilməsinə sayılı günlər qalıb. Bu imtahan abituriyentlər üçün çox önəmli mərhələlərdən biridir. Bir çox abituriyentlər stress, həyəcan keçirirlər. Onlar imtahan həyəcanı ilə necə mübarizə aparmalıdırlar?


Bu mövzuda psixoloq Vəfa Rəşidova fikirlərini informator.az-a bölüşüb.

 

Psixoloq vurğulayır ki, imtahan qabağı stress, həyəcan daim yaşanır. 

 

“Qaydasında olan stress, həyəcan normal sayılır. Lakin bəzən stress normadan çox olur. Təbii ki, bununla mübarizə aparmaq tək şəkildə çətin olur. Bu zaman müəyyən terapiyalar lazım olur. İnsanlar peşəkar psixoloqlardan texnikalar öyrənib və həyatı boyunca istifadə edə bilərlər”.

 

Vəfa Rəşidova deyir ki, çox vaxt ailə üzvləri abituriyentləri stressə salır. 

 

“Valideynlər onları stressə salmasa, abituriyentlər daha çox uğur əldə edə bilərlər. Stress və gərginlik, təəssüflər olsun ki, abituriyentlərə icazə vermir ki, imtahanda bildiklərini rahat yaza bilsinlər. Ümumiyyətlə, stress uğurların qarşısını alır. Stress qədərindən çox olduqda nəinki imtahan həyəcanı, başqa problemlər də yarada bilir. Bu insanın yaşam dəyərini çox aşağı salır”. 

 

Psixoloq son olaraq deyir ki, mütəxəssis yanına getmədən stresslə, həyəcanla mübarizə aparmaq üçün musiqi dinləmək, kitab oxumaq, yaşıllıqda gəzmək lazımdır. Lakin həddindən artıq stress olarsa, mütləq mütəxəssisə, yəni psixoloqa müraciət etmək lazımdır.

 

Sayad Qoşnalıyeva