Paşinyanın beynəlxalq media açıqlamaları təbliğat və manipulyasiya xarakterlidir-Politoloq açıqladı

Bölmə: Siyasət › ,
Tarix: 18:45 13.02.2024

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində bildirib. “Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq”, – o qeyd edib. 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov İnfomator. az ilə fikirlərini bölüşüb. 

 

 

Oqtay Qasımovun fikirlərinə görə, Paşinyanın bu fikirləri reallığı əks etdirmir. 

"Paşinyanın açıqlamaları və əməlləri daim ziddiyyət təşkil edib. Ermənistan tərəfinin həqiqətən sülh müqaviləsini bağlamaq ilə bağlı siyasi iradəsi varsa, o zaman bu prosesdə əngəlləyici faktor kimi çıxış etməməlidir. Sənəd üzərində işləri ləngitməməli və birbaşa danışıqlar vasitəsilə məsələni həll etməlidir". 

 

 

Politoloq qeyd edir ki, Paşinyanın beynəlxalq media açıqlamaları təbliğat və manipulyasiya xarakterlidir. 

"Əsas məqsəd Ermənistanın sülhə hazır olması ilə bağlı ictimai rəy yaratmaqdır. Paşinyan daha çox Azərbaycan tərəfini günahlandırmağa çalışır. Azərbaycan 3 il əvvəl Ermənistan ilə sülh müqaviləsini bağlamaq üçün beynəlxalq hüquqa və ədalət prinsiplərinə uyğun olaraq 5 baza prinsipini təklif edib. Bu günə kimi Ermənistan həmin məsələyə tam razılıq verməyib".

 

Fatimə Mustafayeva