Yeni pandemiya gözlənilirmi?-Həkimdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 18:57 13.02.2024
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus yeni pandemiya barədə xəbərdarlıq edib.
O, bunun mümkün olduğunu vurğulasa da, insanların buna hazır olmadığını da qeyd edib.
"İşlərin hazırkı vəziyyəti ilə bağlı dünya əvvəlki kimi növbəti “X xəstəliyi”nə və daha bir pandemiyaya hazır deyil.
Əgər sabah növbəti pandemiya olsa, dünya COVID-19 zamanı qarşılaşdığımız eyni problemlərlə üzləşəcək".
Dünyanı yeni pandemiya gözləyirmi?
Günümüzdə yayılan qızılça, qrip xəstəlikləri bunun göstəricisi sayılırmı?
İnformator.az- a açıqlaması zamanı sözügedən məsələyə münasibət bildirən infeksionist Vasif Əliyev suallarımızı cavablayıb. Müsahib deyir ki, bu pandemiya hər zaman olub, gələcəkdə də olacaq, ancaq hansı virusa qarşı olacağı məlum deyil.
"Ümumdünya Səhiyyə Təşkilatının direktoru da bunu vurğulayır ki, gələcəkdə istər müalicəsi, istər diaqnostikası, istərsə də vaksin baxımından profilaktikası olan hər hansı bir X pandemiyası ilə bağlı hazırlıqlı olmaq lazımdır. Bunun hansı virus olacağını, pandemiya yaradacağını öncədən bilmək mümkün deyil".
Vasif Əliyev bildirir ki, gələcəkdə ola biləcək hər hansı bir pandemiyanın qarşısı vaxtında, fəsadsız, qısa müddətli şəkildə qarşısı alınmasından ötrü alimlərdən, həkimlərdən ibarət bir qrup komissiya da yaradılıb.
Vasif Əliyev sonda bildirir ki, " X" adında xüsusi bir virus yoxdur, bu, hər hansı bir virusa şamil edilə bilər.
Nəzrin Mirzəyeva