Azərbaycan təhlükəsizliyin təmin olunması istiqamətində yetərincə işlər görür-Hərbi Ekspert Azər Bayramov

Bölmə: Sosial › ,
Tarix: 22:54 13.02.2024

"Dünyada və regionda baş verən hadisələrə baxdığımız zaman geniş miqyaslı müharibələrin, eyni zamanda qarşıdurmaların və terrorçuluq fəaliyyətlərinin aparıldığını müşahidə edirik. Əlbəttə ki, belə bir vəziyyətdə dövlətlərin qarşısında duran ən önəmli məsələlərdən biri təhlükəsizlik məsələsidir". 

 

Bu sözləri informator.az-a açıqlamasında hərbi ekspert Azər Bayramov söyləyib. O qeyd edib ki, Azərbaycan bu istiqamətdə yetərincə işlər görür.

 

"Xüsusi ilə də qeyd edim ki, dünyada təhlükəsizliklə bağlı meyarlara baxdığımız zaman Azərbaycan ön sıralardadır və bu proseslərin aparılmasında təhlükəsizliyin tam təmin olunmasında əlbəttə ki, təhlükəsizlik orqanlarının müstəsna xidmətləri var. Və hər zaman təhlükəsizlik məsələləri Azərbaycanın hərbi siyasi rəhbərliyinin proritet məsələsi olaraq qalmaqdadır". 

 

Ekspert bildirib ki, hər il dövlət büdcəmizdən müdafiə və təhlükəsizlik xərclərinin artan xətlə getməsi bunun əyani sübutudur.

 

"Burada insanların təhlükəsizliyinin təmin edilməsi təkcə fiziki olaraq yox, eyni zamanda müasir texnologiyanın tətbiqi ilə də həyata keçirilir. Nəzərə almaq lazımdır ki, bu gün terrorçuluqda da yeni texnologiyaların istifadəsi geniş yayılmaqdadır. Əlbəttə ki, bu proseslərin qarşısının alınması eyni zamanda aşkarlanması və zərərsizləşdirilməsi yönündə həmin tələblərə uyğun olaraq fəaliyyətin həyata keçirilməsi zərurəti yaranıb".

 

Azər Bayramov eyni zamanda qeyd edib ki, Azərbaycan bu sahədə dünyanın ən qabaqcıl ölkələrindəndir ki, məhz təhlükəsizliklə və bir çox təhlükələrin zamanında aşkarlanması ilə bağlı yetərincə yeni texnologiyalara sahibdir.

 

"Eyni zamanda burada kiber cinayətkarlığıda nəzərə alsaq ümumiyyətlə bir çox istiqamətlərdə strateji obyektlərin, insanlarımızın və onların həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsində əlbətdə təhlükəsizlik orqanlarının yetərincə əməyi və zəhməti var".

 

Ekspert sonda vurğulayıb ki, gələcəkdə Azərbaycanda belə halların baş verməməsi üçün yetərincə tədbirlər həyata keçirilir. Bu da deməyə əsas verir ki, hər hansısa qara qüvvələrin Azərbaycanda öz məkrli fəaliyyətlərini həyata keçirmələri üçün şansları yoxdur.

 

Banuçiçək Kalbalıyeva