Sülh danışıqlarında üçüncü tərəfin rolu-Politoloqdan AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 23:04 13.02.2024

ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun davam etdirilməsini dəstəkləyir.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransı zamanı bildirib.

“Biz bu məsələ ilə bağlı dialoqun davam etdirilməsini açıq şəkildə dəstəkləyirik. Biz inanırıq ki, bu, sabit nizamlanmaya nail olmaq üçün ən yaxşı yoldur və dəstəyi davam etdirəcəyik”, - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.

 

Tərəflər arasında razılaşmada ABŞ-ın hansı çıxarları var ?

 

Mövzuyla bağlı Politoloq Turan Rzayev informator.az-a açıqlama edib:

 

"Amerika Birləşmiş Ştatlarının məsələyə baxış bucağı təəssüf ki, birmənalı deyil. Amerika Birləşmiş Ştatları  hələ bu yaxınlarda Azərbaycanla gərginlik yaşadı və rəsmilər Azərbaycanı Ermənistanla bağlı ittiham edib, qərəzli mövqe sərgilədilər".

 

Politoloq bildirir ki, bütün bu hadisələr fonunda Amerika Birləşmiş Ştatlarının  Ermənistana proseslərdəki vasitəçiliyi və sülhə verə biləcəyi töhfə təbii ki, şübhə altındadır.

 

"Amerika Birləşmiş Ştatları və Brüssel formatı kimi alternariv formarların varlığını davam etdirməsi zəruridir. Amma o baxımdan ki, biz bunlardan Rusiyanı neytrallaşdırmaq və Rusiyanın destruktiv  mövqeyini balanslaşdırmaq üçün istifadə edirik. Lakin bu o demək deyil ki, bu ölkələr bizim üçün xeyirli tərəfdaşdır və bizim maraqlarımız çərçivəsində qərarlar qəbul etsinlər. Xeyr, əslində hər iki tərəfdən qərəzli mövqe görmüşük, bu sadəcə bizə Rusiyanı balanslaşdırmaq üçün lazımdır və əməkdaşlıq etməyimizin də səbəbi budur".

 

Müsahib qeyd edir ki, indiki məqamda Azərbaycan üçün ən məqbul təklif heç şübhəsiz cənab Prezidentin qeyd etdiyi kimi regional bir formatda danışıqlar aparılmasıdır.

 

"Burda da Gürcüstanın adı çəkilir. Ermənistanla ikili danışıqlar da məqbul sayıla bilər. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, bizim üçün sülh ancaq ikili danışıqlardan keçir. Kənar dövlətlərin prosesə müdaxiləsi göstərir ki, onların öz maraqları və rəqabəti fonunda danışıqlar uzanır. Belə olan təqdirdə təbii ki, Amerika Birləşmiş Ştatlarının və digər üçüncü tərəfin vasitəçiliyi prosesi əsassız surətdə uzadacaq".

 

Turan Rzayev diqqətə çatdırır ki, Amerika Birləşmiş Ştatlarının məsələyə baxış bucağı daha çox qarşıdan gələn seçkilərlə bağlıdır.

 

"Həm də regional və qlobal müstəvidəki maraqları çərçivəsində önəmlidir. Azərbaycan xüsusilə Amerika Birləşmiş Ştatları üçün önəmli bir ölkədir. Belə natamam və qeyri-müəyyən siyasəti olan ölkə ilə əməkdaşlıq və vasitəçilik təbii ki, bizim üçün də risk faktorları yaradır və ona görə də Azərbaycan Amerika Birləşmiş Ştatlarına daha ehtiyatla yanaşmalıdır".

 

Azər Abuşov