Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir-Heydər Əliyev

Bölmə: Sosial › ,
Tarix: 13:50 14.02.2024

14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis edilib və həmin vaxtdan 14 fevral - Azərbaycanın Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur.

Azərbaycanın ikinci müstəqilliyi dövründə – 1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan, "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirib. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyarəni arsenalına qəbul edib. Az sonra "Nasosnı" – indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib. 1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanılıb. Həmin il bu qurumun strukturu milliləşdirilib.

Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.

İnformator.az  xəbər verir ki, Ulu Öndər Heydər Əliyev və onun siyasi, hərbi kursunu davam etdirən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki imkanlar baxımından yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. 2012-ci il məlumatına görə 8.000 nəfər personalın xidmət etdiyi Azərbaycan HHQ arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir.

 

"Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır  və biz bu vəzifələri  ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir"-  Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev

Azərbaycan müstəqillik qazandığı gündən hazırkı dövrədək HHQ daim inkişaf edir.
Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər.
Birinci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı apardığımız hərbi əməliyyatlarda da helikopterçilərimiz 1993-cü ilin oktyabrında Kəlbəcərin işğalı zamanı 5 min nəfərin mühasirədən çıxarılmasında misilsiz qəhrəmanlıqlar göstəriblər.  2019-cu ilin iyul ayının 24-də Rəşad Atakişiyev Xəzər dənizi, Zarat kəndində uçuş edərkən qəzaya uğrayaraq şəhid olub. Hərbi Hava Qüvvələri Aprel döyüşləri'ndə düşmənə uğurlu zərbələr endirib. Döyüşdə Mi-24 helikopterin pilotları Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə şəhid olublar. Vətən müharibəsində HHQ tərəfindən düşmənin hava hücumundan müdafiə sistemini məhv etmək məqsədilə "Qarabağ mücrüsü" adlı xüsusi əməliyyat planı hazırlanıb. Plan uğurla icra olunub və ilk günlərdə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birgə fəaliyyəti nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin 70 faizi sıradan çıxarılıb. Bayraktar TB2, DSX-nin “IAI Harop”, “Sky Striker” zərbə dronları düşmən hədəflərini anında məhv edib.

 

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdikləri paradda Hava Hücumundan Müdafiə silahları sistemləri kolonunun keçidi olub. Kolona müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, “Zəfər” ordenli general-leytenant Ramiz Tahirov başçılıq edib. Tribuna önündən modernləşdirilmiş “OSA-1T”, “S-125 TM”, “BUK-MB”, “İldırım” zenit-raket komplekslərinin, “S-300 Favorit” sistemlərinin keçidi olub. Ardınca İkinci Qarabağ müharibəsində Zəfərin əldə edilməsində çox mühüm rol oynayan “Orbiter-1KM” - “İti qovan”, “Orbiter-2B”, “Orbiter-3B”, “Orbiter-4”, “Aerostar–BP”, “Heron” pilotsuz uçuş aparatları (PUA), eləcə də ən müasir PUA-lar - “Bayraktar-TB2”, habelə “Hermes-450”, “Hermes-900”, “Quzğun” və “Harop” PUA-ları nümayiş edilib.

 

Qeyd edək ki, vətən müharibəsində 2 pilotumuz - Zaur Nudirəliyev və Ramiz Qasımov şəhid olub və hər ikisi ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif olunublar. Namiq İslamzadə, Elnur Qebedov, Rəşad Nadirov, Səfər Qurbanov, Rəşad Qasımlı da eyni mükafata layiq görülüblər. Vətən müharibəsində DSX pilotları Abbas Qasımov və Xalid Gözəlov da ilk günlərdə şəhidlik zirvəsinə ucalıblar.

 

Banuçiçək Kalbalıyeva