Bu vəhdətin, birliyin sayəsində xalqımız böyük zəfərə, qələbəyə imza atdı-Deputat Kamilə Əliyeva

Bölmə: Sosial › ,
Tarix: 18:59 14.02.2024

"Bəzi qərb dövlətlərinə və siyasətçilərinə xalqımız 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkilərində göstərdiyi həmrəyliyi və qəbul etdiyi qərarla tutarlı cavab verdi".

 

Bu sözləri informator.az-a açıqlamasında Milli Məclisin üzvü Kamilə Əliyeva söyləyib. O, bildirib ki, xalqımız bu qüvvələrlə vuruşmağı, qrup yaratmağı bacaran, müstəqil, azad, xoşbəxt yaşamaq üçün düzgün seçim etməyi çox yaxşı bilən bir xalq olduğunu bəyan etdi.

 

"2003-cü ildə ilk dəfə prezident seçilən cənab İlham Əliyev xalqımıza nəyin bahasına olursa olsun, torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyinə söz verdi. Bu müqəddəs amal uğrunda da yorulmadan çalışdı, siyasi arenalarda düşmənlərlə savaşdı, düşünülmüş uzaqgörən siyasəti ilə Ermənistanın işğalçı dövlət olduğunu bütün dünyaya sübut elədi. Prezident cənab İlham Əliyev eyni zamanda dünyanın ən güclü ordularından biri olan Azərbaycan ordusunu yaratdı, Ali Baş Komandanımızın güclü sərkərdə olması dünyaya sübut olundu".

 

Kamilə Əliyeva həmçinin bildirir ki, Azərbaycan ordusu cənab İlham Əliyevin başçılığı ilə otuz il işğal altında olan torpaqlarımızı 44 günə azad etdi.

 

"Xalqımız öz liderinə inandı, ona güvəndi. Prezidentimiz də öz xalqına arxalandı, yəni bu vəhdətin, birliyin sayəsində xalqımız böyük zəfərə, qələbəyə imza atdı".

 

Deputat deyir ki, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və abadlıq işlərində də xalqımız öz liderinin ətrafında birləşdi.

 

"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətə çevrilir. Xalqımız Azərbaycan dövlətini qalib ölkə, Azərbaycan xalqını məğrur xalq kimi dünyaya tanıdan cənab İlham Əliyevi növbəti dəfə də öz lideri kimi görmək istədiyini bildirdi. Azərbaycan xalqı, gələcək nəsillərin bütöv Azərbaycanda xoşbəxt, firavan yaşamasına səs verdi".

 

Müsahib qeyd edir ki, 7 fevral Azərbaycanda yeni bir dövrün başlanğıcı kimi tarixə yazılacaq.

 

"Bütün xarici müşahidəçilər Azərbaycanda seçkilərin çox yüksək səviyyədə keçirildiyini təsdiq etdilər. 7 fevral seçkisi, Avropa dövlətlərinə bir seçki nümunəsi oldu. Prezident cənab İlham Əliyevin xarici siyasətinin əsasını bütün xarici dövlətlərlə qarşılıqlı hörmət, beynəlxalq münasibətlərin qurulması təşkil edir. Azərbaycan tam müstəqil dövlətdir, heç bir beynəlxalq təşkilatdan asılı deyil".

 

Kamilə Əliyeva eyni zamanda deyir ki, dövlətimizlə diktə ilə danışanlara lazım olan cavab verildi.

 

"AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qərəzli və əsassız qərara qarşı da bu qurumdakı nümayəndəki heyətimiz haqlı olaraq AŞPA-da fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdi".

 

Deputat sonda qeyd edir ki, ölkə başçımız hər zaman gənclərimizə güvənir, onlara etimad göstərir və gələcək zaman kəsiyində də savadlı gənclər onun diqqət mərkəzində olacaq.

 

Gülay Qəribova